Dövlət Miqrasiya Xidmətinin (DMX) struktur bölmələrinin və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə 2016-cı ilin yekunlarına həsr olunmuş xidməti müşavirə keçirilib.
DMX-nin AZƏRTAC-a bildiriblər ki, müşavirədə Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev hesabat məruzəsi ilə çıxış edərək bu gün dövlətin və cəmiyyətin qarşısında duran vəzifələrin həyata keçirilməsi, daxili və xarici siyasət məsələlərinin həlli baxımından respublikamızın tarixinin mühüm dönəmini yaşadığını qeyd edib. Bildirib ki, cari il Azərbaycanda dərin iqtisadi islahatlar ili olub. Ölkəmizdə iqtisadiyyatın inkişaf dinamikasının təmin olunması, iqtisadi və sosial proqramların icrası, nəhəng transmilli enerji və nəqliyyat layihələrinin reallaşdırılması istiqamətində islahatlar uğurla davam etdirilib. Əhalinin sosial rifahının yüksəldilməsi üçün zəruri tədbirlər həyata keçirilib, ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmlənib, milli təhlükəsizlik və sabitlik yüksək səviyyədə təmin olunub. Azərbaycanın davamlı inkişafı və təhlükəsizliyinin təmin edilməsi milli maraqlara uyğun miqrasiya siyasətinin həyata keçirilməsini, bu siyasət əsasında miqrasiya proseslərinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsini və inkişafını, bu sahədə dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsini hələ bir neçə il əvvəl zəruri edib. Bu zərurəti reallığa çevirən Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunmuş Dövlət Miqrasiya Xidməti tərəfindən bir sıra institusional və təşkilati tədbirlər həyata keçirilməkdə, miqrasiya siyasətinin müasir dövrün tələblərinə uyğun formalaşdırılması istiqamətində əhəmiyyətli işlər görülməkdədir.
F.Nəbiyev diqqətə çatdırıb ki, müasir dünyada miqrasiya proseslərinin tənzimlənməsi və miqrantların hüquqlarının qorunması ən aktual problemlərdən biridir. Hazırda biz İkinci Dünya müharibəsindən sonra ən böyük qaçqın və məcburi köçkün axınına şahid oluruq. Dünyada ümumilikdə 65,3 milyon şəxs məcburi olaraq öz yurd yuvasından didərgin düşüb. Əcnəbilər üçün cəlbedici ölkəyə çevrilən Azərbaycan son illər miqrasiya baxımından mənşə ölkədən tranzit və təyinat ölkəyə çevrilib. Bu gün Dövlət Miqrasiya Xidməti Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə hər bir əcnəbinin və vətəndaşlığı olmayan şəxsin hansı tarixdə ölkəyə daxil olduğuna, harada yaşadığına, işlədiyinə və nə vaxt ölkəni tərk etdiyinə tam nəzarət edir.
Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə müəyyənləşdirilib ki, 2016-cı il ərzində 1 milyon 143 min 951 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxsin ölkə ərazisinə 2 milyon 242 min 783 girişi qeydə alınıb. Həmçinin 1 milyon 137 min 351 əcnəbi və vətəndaşlığı olmayan şəxsin ölkə ərazisindən 2 milyon 242 min 788 çıxışı müəyyən edilib. Bu il ərzində ölkədə qalma müddətinə müvafiq olaraq, 672 min 337 əcnəbi olduğu yer üzrə qeydiyyata alınıb. Habelə 51 min 710 nəfərə isə müvafiq yaşama icazələri, haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün müraciət etmiş əcnəbilərdən əmək miqrasiyası kvotası üzrə 9480 nəfərə isə iş icazəsi verilib. Son beş il ərzində 68 min 270 nəfərin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti müəyyənləşdirilib. Bundan başqa, 58 nəfərin Azərbaycan Respublikasının hüdudlarından kənarda dini ekstremizm və terrorçuluq fəaliyyətində iştirak etmələri barədə hüquq mühafizə orqanlarından daxil olmuş materiallar əsasında Dövlət Miqrasiya Xidməti tərəfindən həmin şəxslərin Azərbaycan Respublikası vətəndaşlığını itirməsi ilə bağlı icraata başlanılıb, aidiyyəti sənədlər məhkəmələrə təqdim olunub. Məhkəmələr tərəfindən artıq müvafiq qərarlar qəbul edilib.
Xidmət rəisi xüsusi vurğulayıb ki, görülən tədbirlər ölkəmizin təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyindən bu sahədə aparılan işlər daim ciddi nəzarətdə saxlanılmalıdır. Cari ildə ikili vətəndaşlığı olan 7956 şəxs müəyyənləşdirilib. Onların adları müvafiq bazaya daxil edilib və hazırda statistikası aparılmaqdadır.
Hesabat dövründə “qaçqın” statusu almaq niyyətində olan 95 əcnəbi (ailə üzvləri ilə birlikdə 209 nəfər) Dövlət Miqrasiya Xidmətinə müraciət edib. Hazırda üçüncü ölkə vətəndaşlarından qaçqın statusu almış 73 nəfər Dövlət Miqrasiya Xidmətində qeydiyyatdadır.
Avropa İttifaqı ilə ölkəmiz arasında imzalanmış readmissiya sazişi çərçivəsində 2016-cı ildə Dövlət Miqrasiya Xidmətinə göndərilmiş bildirişlər əsasında Azərbaycan Respublikasının vətəndaşlığına mənsub olması müəyyənləşdirilmiş 120 şəxsin readmissiyası həyata keçirilib. 2016-cı il ərzində Dövlət Miqrasiya Xidməti tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri daha da gücləndirilib, əcnəbi və vətəndaşlığı olmayan şəxslərin Azərbaycanda olma və yaşama qaydalarının pozulması halları aşkarlanaraq qarşısı alınıb.
Xidmət rəisi F.Nəbiyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin 2017-ci ildə respublikamızın sosial-iqtisadi inkişafının təmin edilməsi, dünyadakı mövcud vəziyyətin təsirlərindən ölkəmizin müdafiəsi üçün konkret göstərişlər verdiyini xatırladıb. F.Nəbiyev bu vacib məsələlərin tənzimlənməsində DMX-nin də üzərinə ciddi vəzifələr düşdüyünü bildirib, qanunvericiliklə qarşıya qoyulmuş vəzifələrin vaxtında və yüksək peşəkarlıqla yerinə yetirilməsinə dair tapşırıqlar verib. Əminlik ifadə edib ki, Dövlət Miqrasiya Xidməti ölkə iqtisadiyyatının inkişafına töhfə vermək, dövlətimizin təhlükəsizliyi və daxili əmək bazarının qorunması kimi vəzifə və tapşırıqları 2017-ci ildə də yüksək peşəkarlıqla icra etmək əzmindədir.
Müşavirədə müzakirə edilən məsələlərə dair müvafiq qərarlar qəbul olunub.