Mirşahin Foqts haqqında: Müstəqil Azərbaycanda bayraq qaldırmaq acıdır

“Bəzi xammallar elə xam mal olaraq qaldı”…

“Bəzi xammallar elə xam mal olaraq qaldı”.

Oxu.Az xəbər verir ki, ANS-in vitse-prezidenti Mirşahin Ağayev ANS TV-də yayımlanan “Hesabat” verilişində Azərbaycan milli komandasının sabiq baş məşqçisi Berti Foqtsun istefasını şərh edib.

Müstəqil Azərbaycanda bayraq qaldırmaq acıdır. Bu, yəqin ona görə belədir ki, biz hələ Qarabağda bayrağımızı qaldırıb yerinə taxmamışıq. Ona görə də ən kiçik uğuru belə bayraqla qeyd edirik. Amma təəssüf ki, bayrağımızı başıaşağı edən hallar da olur. İdmançımız və ya hər hansı komandamız məğlubiyyətə uğrayanda dilxor oluruq, sanki kirlənirik, bir az əzilirik… 

Futbol üzrə milli yığma komandamızın Xorvatiyaya 0-6 hesabı ilə uduzmasından sonra da fərqli əhval-ruhiyyədə deyilik. Tamaşaçılar, azarkeşlər, sadə vətəndaşlar bir ağızdan baş məşqçi Berti Foqtsu söyür. Şəxsən mən Berti Foqtsu söyənlərin tərəfində deyiləm. Hətta burdan ona, Azərbaycanın milli yığmasını ora-bura qaçan tumançaqlardan ibarət dəstədən komandaya bənzər bir şeyə çevirdiyinə görə bir azarkeş kimi də, vətəndaş kimi də təşəkkür edirəm. Berti Foqts bu komandaya taktiki, texniki hazırlıq öyrətdi. Cəmi 45 dəqiqədən sonra Yedigeyin dəvəsi kimi tövşüyərək sadəcə addımlamağa başlayan kişi qırıqlarından əsl futbol adamları yaratdı. İndi, heç olmazsa, iki hissəni – 90 dəqiqəni qaça bilirik. Foqts əlində olan xammaldan bu komandanı düzəldə bildi, daha başqa mövzunun söhbətidir ki, bəzi xammallar elə xam mal olaraq qaldı. 

Bu dəfə topu yox, Foqtsu qapıdan keçirib tordan çıxardıq. İndi görək necə olur. Tora kim düşür. Bu dəfə Qurban kimdir? Tərs kimi yeni baş məşqçi əvəzimizin də soyadı elə Qurbanovdur… Nə edək, Allah qəbul etsin, qardaş!

www.oxu.az