Mübariz Əhmədoğlu: Aİ-nin transsərhəd əməkdaşlığının mahiyyəti birbaşa Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə yönəlməlidir

“Aİ-nin Riqa Sammiti başa çatdı. Bu sammit beynəlxalq mətbuat tərəfindən iflas sammiti kimi dəyərləndirildi…

“Aİ-nin Riqa Sammiti başa çatdı. Bu sammit beynəlxalq mətbuat tərəfindən iflas sammiti kimi dəyərləndirildi. Əslində, iflas prosesləri 2 il bundan öncə Vilnüs Sammiti ərəfəsində başlamışdı. Həmin iflasın nəticələri Ukraynanın parçalanmasında özünü göstərdi. Şərq Tərəfdaşlığı Proqramı ilə əlaqəli vahid sənədin imzalana bilməməsi də iflasın nəticələrindəndir”.

Bu barədə Trend-ə Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

M.Əhmədoğlu qeyd edib ki, Aİ-nin Riqa Sammiti Azərbaycan prizmasından 2 məsələ ilə diqqətdə qaldı: “Birincisi, Aİ Azərbaycanla strateji tərəfdaşlıq haqqında müqaviləni müzakirəyə qəbul etdi və bununla da Azərbaycana fərdi münasibətin olacağını təsdiqlədi. Azərbaycanın müstəqil siyasi kursunu ardıcıl dəstəkləməsi real nəticəsini göstərdi. Aİ-nin Şərq Tərəfdaşlığı üzvlərinə fərdi yanaşması həm də Aİ-nin zəifliyindən irəli gələn məsələdir. Bu variant demək olar ki, alternativsiz idi. Aİ-nin Şərq Tərəfdaşlığı Proqramının 3 üzvü siyasi strukturları, hakimiyyət və xalqı ilə birlikdə Aİ-ə inteqrasiya olunmağa çoxdan hazırdır. Aİ isə Ukrayna və Gürcüstanla hətta viza rejimini liberallaşdıra bilmədi. O baxımdan Aİ-nin həm də Azərbaycanla əlaqəli fərdi münasibət yolu seçməsini indiki halda biz zərurətdən doğan addım hesab edirik. Bu, Azərbaycanın maraqlarına cavab verir. İkincisi, ərazi bütövlüyü prinsipinin dəstəklənməsinin vacibliyidir. Aİ Riqa Sammiti ərəfəsində Dağlıq Qarabağ tənzimlənməsi məsələsində müəyyən aktivlik yarada bildi. Aİ-nin əvvəlki sammitləri Dağlıq Qarabağ tənzimlənməsinə o qədər də ciddi münasibət göstərilmirdi. Çünki Ermənistanın Aİ-dəki aktivliyinin əsas mahiyyətlərindən biri də Dağlıq Qarabağ tənzimlənməsində Qərbin, xüsusilə Avropa İttifaqının mövqeyini çaşdırmaq idi”.

Politoloqun sözlərinə görə, amma Riqa Sammiti ərəfəsində Dağlıq Qarabağ tənzimlənməsi mövzusunda 3 istiqamətdə aktivlik müşahidə olundu: “Birincisi, “Vışeqrad dördlüyü” qrupunun Şərq Tərəfdaşlığı Proqramının üzvləri ilə keçirdiyi görüşdə Şərq Tərəfdaşlığı üzv ölkələrin ərazi bütövlüyü və dövlət suverenliyinə dəstək ifadə etdilər. İkincisi, Avrokomissar Y.Xan Ermənistanın Avropa İttifaqındakı səfiri T.Marqaryana bildirdi ki, Aİ ilə Ermənistan arasındakı bundan sonrakı əməkdaşlıq regional təhlükəsizlik məsələləri üzərində qurulacaq. Aİ regional sabitliyə xidmət edən Ermənistana yardım edəcək. Ücüncüsü, Avrokomissar Y.Xanın transsərhəd əməkdaşlıq təklifini səsləndirməsidir”.

Politoloqun sözlərinə görə, Avrokomissar Y.Xan Balkanlarda transsərhəd əməkdaşlığın regional münaqişələrin həllinə müsbət təsir etdiyini nümunə kimi göstərdi: “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində sərhədyanı əməkdaşlığın faydalı olacağını heç kim istisna etmir. Amma məsələ burasındadır ki, Cənubi Qafqazda Ermənistan-Azərbaycan arasında transsərhəd əməkdaşlığın Balkan dövlətləri arasındakı transsərhəd əməkdaşlıqdan köklü fərqi var: a) Balkanlarda dövlətlərin sərhədlərinin hər iki tərəfində yaşayan etnik qrupların sayı hədsiz çoxdur. Sərhəd bəzən etnik icmaları iki hissəyə bölüb. Bu fikirlər qətiyyən Ermənistan-Azərbaycan sərhəddinə aid edilə bilməz. Ermənistan-Azərbaycan sərhəddi etnik sərhədboyu yaşayan əhalinin etnik tərkibinə görə yekcinsdir. Sərhəddin hər iki tərəfində ermənilər və azərbaycanlılardan başqa heç kim yaşamır və demək olar ki, Transsərhəd ərazilərdə yaşayan ermənilər və azərbaycanlılar demək olar ki, kompakt şəkildə yaşayırlar. Iki millətin birlikdə yaşadığı ərazilər demək olar ki, yoxdur. b)Balkanlarda olan sərhəd Avropanın mərkəzində olduğu üçün kifayət qədər diqqət mərkəzində olub, məlumatlar çoxdur. Ermənistan-Azərbaycan sərhəddi isə Qərbin o qədər də böyük diqqətini cəlb etməyib, məlumatlar minimal həddədir”.

M.Əhmədoğlu əlavə edib ki, Avrokomissar Y.Xanın təklifinin reallaşması üçün əlavə bir neçə məqam hökmən nəzərə alınmalıdır:

“I.Dağliq Qarabağ münaqişəsi fonunda Ermənistanın Azərbaycanla iqtisadi əməkdaşlıq etməsinin konkret siyasi məzmunu var:

A) Ermənistanın Azərbaycanla iqtisadi əməkdaşlıqda əsas məqsədi Azərbaycan torpaqlarını işğalda saxlamağı legitimləşdirməkdir. Ermənistana verilən bütün təkliflər məhz buna xidmət edir.

B) Ermənistanın Azərbaycanla iqtisadi əməkdaşlıqda daha bir məqsədi özünü gücləndirmək və bununla da işğalın daha uzunmüddətli davamına nail olmaqdır. C) Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində irəli sürülən təkliflərə münasibəti seçicidir. Ermənistan üçün yalnız Dağlıq Qarabağı Azərbaycandan ayıran təkliflər maraqlıdır. Demokratiyadan dəm vuran S.Sərkisyan özünü demokratik adlandıran auditoriyaya Azərbaycanın irəli sürdüyü təklifləri müzakirə etməməyi təklif etdi. Auditoriyadakı Avropa elitasının Azərbaycanın hansı təklifi irəli sürməsi haqqında məlumatı yox idi. Belə təqdirdə o auditoriya qarşısında S.Sərkisyanın Azərbaycanın təkliflərini müzakirəyə qəbul etməmək təklifi irəli sürməsi qəbahətdirsə, auditoriyanın S.Sərkisyanın bu ideyasına susması daha böyük qüsur sayıla bilər.

II.Ermənistanın Azərbaycanla iqtisadi əməkdaşlıq barədə təkliflərinin müəyyən tarixcəsi var:

A) Bakı-Ceyhan Neft kəməri çəkilərkən ABŞ konqresmenləri Bakı-Ceyhan neft kəmərinin Gürcüstan ərazisindən deyil, Ermənistan ərazisindən keçməsini təklif etdilər. O zaman Azərbaycan bu təklifi qəbul etdi və bildirdi ki, bu təklifin reallaşması Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsini tələb edir. Ermənilər imtina etdilər. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin uzaqgörənliyi indi aydın görünür. Əgər bu gün Ermənistan Gürcüstanın ərazisindən keçən neft və qaz kəmərini vurmaqla hədələyirsə, demək o zaman Ermənistan öz ərazisindən keçən kəmərləri gündə bəlkə 5 dəfə partlada bilərdi. Gürcüstanda və Azərbaycanın Ermənistanla sərhəd ərazilərinə yaxın ərazilərdən keçən neft və qaz kəmərlərini partlatmaqdan ötrü Ermənistan Aİ-nin vasitəçiliyi ilə Moldovadan 5 milyon dollarlıq məxsusi olaraq onun üçün nəzərdə tutulmuş raketlər aldı. Bu prosesdə Ukrayna və Gürcüstan ərazisi tranzit kimi istifadə olundu. Litva şirkətləri sənədləşmədə iştirak etdilər. Rumıniyanın isə yaxından rolu oldu. Bütün bunlar hamısı göründüyü kimi, Aİ üzvləri olan dövlətlərdir. Azərbaycan və Türkiyəni birləşdirən neft-qaz kəmərləri Dağlıq Qarabağ münaqişəsi tənzimlənmədən Ermənistan ərazisindən keçəcəksə, bu Avropanın enerji təhlükəsizliyi üçün daha böyük təhlükə yarada bilərdi. Avropanın enerji təhlükəsizliyinin pozulmasında marağı olan qüvvələrə əlavə rıçaq vermiş olardı.

B) 2-3 il bundan əvvəl Azərbaycan tərəfi Ermənistana ucuz qaz satmağı təklif etdi. Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin rəhbərliyi tərəfindən bu təklif irəli sürüləndə Ermənistan Rusiya ilə qaz danışıqları aparırdı. Rusiya qazın qiymətindən Ermənistana təzyiq kimi istifadə etmək niyyətində idi. Bəllidir ki, ABŞ-ın təklifi ilə Azərbaycan Gürcüstana hədsiz ucuz qiymətə (1000 m3 -100 dollara) qaz satır. Eyni bu qiymətlə Azərbaycan Ermənistana da qaz verə bilərdi. Ermənistan Azərbaycandan ucuz qiymətə qaz almağa razılıq vermədi. Rusiyanın diktatına aparan şərti qəbul etdi.

Nədənsə, o zaman Avropa İttifaqı, ABŞ Azərbaycanın Ermənistana ucuz qaz satmaqla bağlı təklifini diqqətdən kənarda saxladı.

C) Digər xarakterik məqam ARDNŞ-ın Gürcüstandakı dini məbədlərə havayı qaz verməsi zamanı baş verdi. Gürcüstan Katolikos-Patriarxı II İlyanın xahişi ilə Gürcüstandakı dini mənşəyindən asılı olmayaraq bütün ibadətgahlar ARDNŞ-ın hesabına havayı qazla təmin olunması barədə Şirkət qərar verdi. O zaman erməni tərəfi buna etiraz etdi. Hətta Erməni Apostol Kilsəsi Gürcüstandakı yeparxiyasının başçısı, Gürcüstan vətəndaşı V.Mirzəxanyan Dağlıq Qarabağa çağırıldı və havayı Azərbaycan qazı almağa razılıq verdiyinə görə, tənbeh olundu.

Ç) Ermənistan ABŞ dövlət katibi Con Kerriyə Azərbaycanın silahlanmaya çoxlu pul ayırdığından narazılıq etdi. Azərbaycan silahlanmaya çox pul ayırır və məqsədi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsidir. Əgər Dağlıq Qarabağ münaqişəsi hərbin iştirakı olmadan tənzimlənəcəksə, təbii ki, Azərbaycan silahlanmaya ayırdığı vəsaiti digər yerlərə xərcləyəcək. Məhz bu prizmanı nəzərə alaraq ABŞ dövlət katibi C.Kerri Azərbaycanın xarici işlər naziri E.Məmmədyarova silahlanmaya pul ayırmamağı, pulu region xalqlarının, o cümlədən ermənilərin rifahına xərcləməyi təklif etdi. Azərbaycan buna razılıq verdi. Amma bir şərtlə ki, Dağlıq Qarabağ münaqişəsi tənzimlənsin. C.Kerri Azərbaycanın məsələyə razılıq verdiyini E.Nalbandyana bildirən kimi Ermənistan həmin təklifdən imtina etdi. Ermənistan növbəti dəfə Azərbaycanla iqtisadi əməkdaşlıqlardan imtina etdi.

Ermənistanın Azərbaycandan gedən iqtisadi təkliflərə belə münasibəti onu deməyə əsas verir ki, Avropa İttifaqı əgər Transsərhəd əməkdaşlığı irəli sürübsə, bu təklifə hədsiz ciddi yanaşılmalıdır.

II.Transsərhəd əməkdaşlığın mahiyyəti birbaşa Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə yönəlməlidir. Yəni bu, gözdən pərdə asmaq, ritorika, çaşdırıcılıq, aldatmaq və.s naminə edilməməlidir. Qazax rayonunda və yaxud Naxçıvan ərazisində Azərbaycan – Ermənistan dövlət sərhədi ətrafındakı əməkdaşlığın demək olar ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə təsiri yoxdur. Iki millət bir birini çox gözəl tanıyır. SSRİ dövründə yaşayıblar. SSRİ-nin milli siyasəti kifayət qədər müsbət idi. O dövrdə erməniləri və azərbaycanlıları bir-birinə yaxınlaşdırılan siyasət aparılıb.

III.Avropa İttifaqı Dağlıq Qarabağ azərbaycanlıları və ermənilərindən birgə qruplar təşkil etməklə Balkan dövlətlərinə göndərib, transsərhəd əməkdaşlıq təcrübəsini öyrənməsinə nail ola bilərlər. Transsərhəd əməkdaşlıq hökmən Dağlıq Qarabağ azərbaycanlıları və ermənilərinin dialoqu üzərində qurulmalıdır. Dağlıq Qarabağın azərbaycanlı və erməni icmalarının transsərhəd əməkdaşlığını öyrənməsi həm də gələcəkdə Dağlıq Qarabağın özündə icmalararası birgə yaşayışın qurulmasına faydalı ola bilər. Həm də Ermənistan-Azərbaycan arasındakı iqtisadi əməkdaşlığın daha səmərəli olmasına şərait yarada bilər. Dağlıq Qarabağ erməniləri və azərbaycanlılarının dialoqu Ermənistan-Azərbaycan arasındakı iqtisadi əməkdaşlığın, Azərbaycanın Ermənistana qurduğu investisiyaların müzakirə və reallaşdırılma mərkəzinə çevrilə bilər.

IV. Ermənistan – Azərbaycan bütün dövlət sərhəddi boyunca transsərhəd əməkdaşlığın yol xəritəsi hazırlanmalıdır. Yol xəritəsində Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının iştirakına xüsusi yer ayırmalıdır. Yol xəritəsində Transsərhəd əməkdaşlığın ilkin başlanğıcı kimi Araz qırağı ərazilər göstərilməlidir.

V. Ermənistan öhdəlik götürməlidir ki, bu transsərhəd əməkdaşlıq Araz çayı boyunca başlayacaq. Bu həm Ermənistanın Transsərhəd əməkdaşlıqda məqsədinin həqiqətən Dağlıq Qarabağ münaqişəsini tənzimləmək olduğunun nümayişi olacaq. 100 km-ə yaxın Ermənistan – Azərbaycan sərhəddi hazırda işğal altındadır. Azərbaycanlılar oradan deportasiya olunub. Beləliklə, əyani və praktiki surətdə Transsərhəd əməkdaşlığın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üzdə olacaq.

Araz qırağı transsərhəd əməkdaşlığın Avropa üçün çox böyük əhəmiyyəti ondan ibarətdir ki, Araz qırağı ərazilər təkcə Ermənistanla Azərbaycana deyil, həm də İrana və Türkiyəyə aiddir. Beləliklə, Avropa İttifaqının marağına uyğun olaraq gələcəkdə Araz qırağı transsərhəd əməkdaşlığaTürkiyə və ya İranı da qoşmaq olar. Nəzərə almaq lazımdır ki, İranın hətta “Araz” Azad İqtisadi Zona adlı iqtisadi layihəsi fəaliyyətdədir. Bəzi işlər görülüb və müəyyən perspektivlərə ümid etmək olar.

Hər şey Avropa İttifaqından asılıdır. Dağlıq Qarabağ münaqişəsini tənzimləməklə regional sabitlikdə ciddi dönüş əldə etmək olar. Azərbaycan, Cənubi Qafqaz Avropadır. Avropanın şərqində və yaxud cənubunda olmaqdan asılı olmayaraq, bu regionda yaranacaq istənilən təhlükə qısa müddət ərzində Avropanın daxilinə sirayət edə bilər”.

 

/Trend/