Hətta Dağlıq Qarabağ məsələsinin həlli də Ermənistanın problemlərini həll etmir….
Hətta Dağlıq Qarabağ məsələsinin həlli də Ermənistanın problemlərini həll etmir. Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi “Qarabağ saatı “nda deyib.
Onun sözlərinə görə, “Dağlıq Qarabağ probleminin həlli” anlayışı barədə demək olar ki, mübahisə yoxdur. Ermənistanda müəyyən siyasi qüvvələr, o cümlədən Azərbaycan torpağının işğalında iştirak etmiş şəxslər iddia edirlər ki, guya Ermənistan artıq Dağlıq Qarabağ problemini həll edib. Başqa sözlə onlar üçün status-kvo Qarabağ probleminin həllidir: “Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın əlavə 7 rayonu işğal ediblər. Vəssalam. Reallıqda isə dünyada heç kim Dağlıq Qarabağ problemini həll edilmiş məsələ hesab etmir. Ermənistan rəhbərliyi ATƏT-in Minsk qrupu çərçivəsində Dağlıq Qarabağ probleminin həllini axtarırsa, deməli o da indiki vəziyyəti Dağlıq Qarabağ probleminin həlli hesab etmir. Serj Sərkisyan və Edvard Nalbandyan Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratını təyin etməsi prinsipi barədə danışması isə özünü aldatmaqdan başqa bir şey deyil. Dağlıq Qarabağ münaqişəsinə münasibət bildirən qurumların, xüsusi ilə Minsk qrupunun çoxsaylı sənədlərində və bəyanatlarında “Artsax xalqı” və ya “Dağlıq Qarabağ ermənilərinin” öz müqəddəratını təyinetmə hüququ” barədə bircə kəlmə də olsun yoxdur.
Politoloq qeyd edib ki, ermənilər Dağlıq Qarabağ münaqişəsini başlayarkən öz güclərinə xeyli arxayın idilər. ABŞ-da güclü lobbiçilik siyasəti reallaşdıra bilirdilər. RF-in siyasi elitası tamamilə ermənilərin təsiri altında idi. Spitak zəlzələsinə yardım bəhanəsi ilə SSRİ hökuməti Ermənistana iki illik dövlət büdcəsi miqdarında vəsait ayırdı. ABŞ-dan gələn humanitar yardım karvanlarına isə prezident ata Corc Buşun oğlu Ceb Buş başçılıq edirdi. Bütün dünya erməniləri bir-birini möhkəm dəstəkləyirdi. Ermənilər 15 milyonluq erməni dövləti qurmaq iddiasında idilər. ABŞ-ın diktəsi ilə SSRİ-nin dağılmasında ermənilərin iştirakı onlara əlavə geosiyasi və maliyyə resursları qazandırmışdı.
Bu dövrdə isə Azərbaycan tam əks parametrlərdə xarakterizə olunurdu: “Azərbaycan SSRİ-dən sıfır büdcə ilə ayrıldı. Dünyada Azərbaycan haqqında heç bir məlumat yox idi. Dünya azərbaycanlıları bir-birini tanımırdı. Dağlıq Qarabağ müharibəsi bütün neqativliyi ilə özünü Azərbaycanın daxilində göstərirdi. Ermənilərin Dağlıq Qarabağ münaqişəsini başlamasından 27 il ötüb. Azərbaycan dünyanın problemlərini həll edən məkanlardan biridir. Azərbaycan dünyanın güvən dövlətlərindən birinə çevrilib. Bakı Dünya azərbaycanlılarının koordinasiya mərkəzidir. Qızıl-valyuta ehtiyatı 50 milyard dolları ötüb keçib. Azərbaycan Respublikasının vətəndaşlarının sayı 10 milyon nəfərə az qalıb. Dünya azərbaycanlılarının sayı isə 52 milyon nəfərdir”.
Mərkəzin direktoru bildirib ki, ötən 27 il ərzində dünya erməniləri bir-birindən, xüsusi ilə Ermənistandan uzaqlaşmağa başladılar: “Ermənistan dünya erməniliyinin arzularının və investisiyalarının qəbiristanlığına çevrildi. Miqrasiya və demokratiya 1,5 milyon nəfərlik Ermənistanı daha real edir. Ermənistanın nəinki, xəzinəsi boşdur, hətta dövlət borcu ÜDM-in 50%-ni keçib. Hətta beynəlxalq maliyyə qurumları Ermənistanın dövlət borcunun riskli zonada olduğunu bildirirlər. Ermənistanın indi heç bir geosiyasi müttəfiqi yoxdur. Gürcüstan rəsmi şəkildə Ermənistandan şikayətçidir. İranla “Altılıq” arasında nüvə razılaşması Ermənistanda xeyli canlanma yaratdı. Sərkisyan hətta Rusiya və Çin liderlərinin qarşısında İranın qonşuluğunda olan dövlətə başçılıq etməsi ilə öyündü. Az keçmiş Ermənistanın İranla əlaqəli mifləri də dağıldı. Son illər ərzində Rusiyanın apardığı siyasəti ermənilər öz maraqlarına zidd hesab edirlər. Ermənilərə hərtərəfli dəstək verən ABŞ yaxınlarda onlara şok yaşatdı: Dağlıq Qarabağ ətrafındakı rayonlar işğal olunmuş ərazilərdir, Azərbaycana qaytarılmalıdır. Dağlıq Qarabağın statusunu ermənilər deyil, Dağlıq Qarabağ azərbaycanlıları və erməniləri müəyyən edəcəkdir. Dağlıq Qarabağda ermənilər və azərbaycanlılar birgə yaşayacaqdır. Dağlıq Qarabağ münaqişəsini başlayan Ermənistanın qazancı bunlar oldu”.
M.Əhmədoğlunun fikrincə, ermənilər tarixən iri imperiyaların saray çəkişmələrində, indiki dillə desək, geosiyasi mübarizələrdə iştirak ediblər. Çoxlu risklərlə də üzləşiblər. Amma əksərən belə vəziyyətdən çıxmağa güc tapa biliblər. Çünki erməni kilsəsi güclü olub: “Ermənilərin kilsəsi faktiki dövlət rolunu oynayıb. İndi Ermənistanda dövlət böhranını qəlizləşdirən əsas məsələ kilsənin kriminal-korrupsiya mərkəzinə, mənəviyyatsızlıq yuvasına çevrilməsidir. Suriya ermənilərinin qışda yanacaq və ərzaq problemini həll etmək üçün 200 min dollar vəsait tapılmadığı halda Erməni Apostol Kilsəsinin başçısı II Qareginin HSBC bankının İsveçrə filialındakı şəxsi hesabında 1 milyon dollar pul var idi. İndi erməni kilsəsi birləşdirici deyil, dağıdıcıdır. Erməni Apostol Kilsəsi nüfuzuna görə erməni kilsələləri arasında üçüncüdür”.
Politoloq əlavə edib ki, dünyada gedən geosiyasi proseslər, o cümlədən yaxın Şərq regionunda baş verənlər mühüm erməni icmalarını sıradan çıxardı. Ermənistan bəlkə də Qarabağ problemini yaratmasa idi, Yaxın Şərqdəki erməni icmalarının dağılmasının qarşısını ala bilərdi. Bütün bunlar birbaşa və ya dolayısı yolla ermənilərin özlərinin yaratdığı Dağlıq Qarabağ münaqişəsinin Ermənistan üçün yaratdığı fəsadlardır: “Amma bir həqiqət də var – Dağlıq Qarabağ münaqişəsi həll edilməmiş qaldıqca Ermənistanın və dünya erməniliyinin fəsadları artacaq. Ən azı bu fəsadların artımının qarşısını almaq üçün Ermənistan indiki Dağlıq Qarabağ siyasətindən əl çəkməlidir. Nəzəri cəhətdən Dağlıq Qarabağ münaqişəsinin yaxınlarda həllini və Ermənistanın regional layihələrə qoşulmasını modelləşdirsək də, Ermənistan 1988-ci ilin səviyyəsinə çata bilmir. Ən əsas problem orasındadır ki, Dağlıq Qarabağ probleminin həlli Ermənistan dövlətçiliyinin sıradan çıxması prosesinin qabağını ala bilmir. Dünyada indi heç kim erməniləri əvvəlki vəziyyətə qaytara bilən geosiyasi resursu Ermənistana vermək imkanında deyil. Bəlkə də heç belə niyyətdə olan güc mərkəzləri də yoxdur”.
/Trend/