Azərbaycan MN Seyran Ohanyanın hədəsinin cavabını verdi…
Azərbaycan MN Seyran Ohanyanın hədəsinin cavabını verdi.
Silahlı Qüvvələrimiz Ermənistan Silahlı Qüvvələrinin istənilən təxribatının qarşısını almağa hazırdır.
Oxu.Az xəbər verir ki, bunu ANS PRESS-ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polkovnik Vaqif Dərgahlı Ermənistan müdafiə naziri Seyran Ohanyan tərəfindən Azərbaycanın ünvanına səslənən hədə xarakterli açıqlamasına cavab olaraq bildirdi.
Qeyd edək ki, Seyran Ohanyan Ermənistan ordusuna məxsus helikopterin vurulmasına görə, Azərbaycana geniş miqyaslı cavab veriləcəyini söyləyib.
Vaqif Dərgahlının sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri düşmənin istənilən ehtimal oluna biləcək və atacağı hər bir addımının qarşısını qabaqcadan almağa hazırdır:
“Azərbaycanın işğal olunmuş ərazilərində hərbi təlim keçən Ermənistan ordusunun 2 helikopterinin movqelərimizə etdiyi hücuma cavab olaraq düşmənin bir helikopterinin vurulması düşmən tərəfini şoka salıb. Hələ də ermənilər bu şokun təsiri altındadırlar. İşğalçı ölkənin rəhbərliyinin belə açıqlamaları ancaq və ancaq Ermənistanın daxili auditoriyasına hesablanıb. Və Azərbaycan tərəfini narahat etmir”.
Qeyd edək ki, noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan SQ-yə məxsus Mi-24 tipli helikopter döyüş kursuna enərək mövqelərimizə hücum edib. Qoşunlarımız tərəfindən açılan cavab atəşi nəticəsində düşmən helikopteri məhv edilib.