Nəqliyyat Nazirliyinin səlahiyyətləri genişləndirildi

Prezident fərman imzalayıb…

Prezident fərman imzalayıb.

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 18-də “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 iyul tarixli 524 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Oxu.Az xəbər verir ki, prezidentin fərmanına əsasən, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 4 iyul tarixli 524 nömrəli Fərmanının 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilir.

1. İkinci abzasdan “və 23-cü maddəsinin beşinci hissəsində” sözləri və altıncı abzasdan “və 23-cü maddəsinin yeddinci hissəsində” sözləri çıxarılsın

2. Səkkizinci abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda doqquzuncu abzas əlavə edilsin:

“həmin Qanunun 23-cü maddəsinin beşinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini respublika və yerli əhəmiyyətli avtomobil yollarına münasibətdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin təqdimatı ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti, digər dövlət avtomobil yollarına münasibətdə yerli icra hakimiyyəti orqanları (şəhər rayonu icra hakimiyyəti orqanları istisna olmaqla), qəsəbə və kəndlərin ərazisində yerləşən bələdiyyə avtomobil yollarına münasibətdə müvafiq bələdiyyələrin, özəl avtomobil yollarına münasibətdə isə mülkiyyətçilərin rəyini nəzərə almaqla, yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.”.

Dəyişikliyin tətbiqindən əvvəl “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinin 5-ci bəndində qeyd olunurdu:

“Dövlət avtomobil yollarının adı və indeksləri yol təsərrüfatı subyektlərinin təqdimatı əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir”.

Beləliklə, Azərbaycan Prezidentinin 18 noyabr tarixli fərmanına əsasən, bundan sonra respublika və yerli əhəmiyyətli yolların adlandırılması və indeksasiyasını Azərbaycanın Nəqliyyat Nazirliyinin təqdimatı ilə Nazirlər Kabineti, qəsəbə və kəndlərin ərazisində yerləşən bələdiyyə yollarını bələdiyyələr, özəl avtomobil yollarını isə mülkiyyətçilərin rəyini nəzərə almaqla, yerli icra hakimiyyəti orqanları həyata keçirəcəklər.

Qeyd edək ki, son vaxtlar Azərbaycanda Nəqliyyat Nazirliyinin strukturunun daha da təkmilləşdirilməsi, effektlivliyin artırılması istiqamətində mühüm addımlar atılıb.

Belə ki, Azərbaycan Prezidentinin 20 oktyabr 2014-cü il fərmanına əsasən, Nəqliyyat Nazirliyinə avtomobil yollarının vahid dövlət reyestrini aparmaq səlahiyyəti verilib.

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının nəqliyyat-yol kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 fevral tarixli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.

Sərəncama əsasən, Bakı şəhəri istisna olmaqla, ölkənin digər şəhərlərində və rayon mərkəzlərində şəhər avtomobil yolları müvafiq yerli icra hakimiyyəti orqanlarının balansına, şəhərlərin və rayon mərkəzlərinin məhəllədaxili yollarının, habelə kənd və qəsəbələrin ərazisində yerləşən küçələr, keçidlər, ictimai nəqliyyat xətləri, digər yolların və yol qurğularının isə müvafiq bələdiyyələrin balansına verilib.

Bu dəyişikliyə əsasən, hazırda Azərbaycanda Nəqliyyat Nazirliyi yalnız respublika əhəmiyyətli yolların çəkilişi və təmiri üzrə işləri həyata keçirir. Digər şəhərdaxili, rayondaxili yollar, küçələr və keçidlər müvafiq icra hakimiyyətləri, bələdiyyələr tərəfindən həyata keçirilir.

Onu da əlavə edək ki, bundan əvvəl Azərbaycanın Baş naziri Artur Rasizadə “Azərbaycan Respublikasında avtomobil yollarının təsnifat göstəriciləri”nin və “Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydaları”nın təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin qərarında dəyişikliklər edilməsi barədə qərar vermişdi.  

Qərara əsasən, respublika və yerli əhəmiyyətli avtomobil yollarının adlandırılması və indeksasiyası Nəqliyyat Nazirliyinin təqdimatı ilə Nazirlər Kabineti tərəfindən, digər dövlət avtomobil yollarının adlandırılması və indeksasiyası yerli icra hakimiyyəti orqanları (şəhər rayonu icra hakimiyyətləri istisna olmaqla) tərəfindən müəyyənləşdiriləcək.

Qəsəbə və kəndlərin ərazisində yerləşən bələdiyyə avtomobil yollarının adlandırılması qanunvericilikdə nəzərdə tutulmuş qaydada bələdiyyələr tərəfindən müəyyən ediləcək.

Qərarda həmçinin, özəl avtomobil yollarının adlandırılması mülkiyyətçilərin rəyi nəzərə alınmaqla, yerli icra hakimiyyəti orqanları tərəfindən müəyyənləşdirilməsi nəzərdə tutulur.

Qeyd edilən son qanunvericilik aktları qanunvericilik aktlarının uzlaşdırılması, müvafiq icra hakimiyyəti orqanları arasında səlahiyyət bölgüsünün dəqiqləşdirilməsini və fəaliyyətlərinin  effektivliyinin artırılmasını nəzərdə tutur.

www.oxu.az