Nazir: Müəllimlərin maaşı arta bilər

“Birinci sinfin dərsliyinin çəkisi 1,240 kiloqramdır, bu, belə olmamalıdır”…

“Birinci sinfin dərsliyinin çəkisi 1,240 kiloqramdır, bu, belə olmamalıdır”.

Sınaq qiymətləndirilməsindən keçmiş müəllimlərin mərhələli olaraq, əmək haqqının artırılması istiqamətində konkret qərarın verilməsi məsələsinə baxılacaq. Hazırda müvafiq qərar layihəsi razılaşdırılma mərhələsindədir.

Oxu.Az APA TV-yə istinadən xəbər verir ki, bunu təhsil naziri Mikayıl Cabbarov Milli Məclisin bu gün keçirilən iclasında deyib. Onu da əlavə edib ki, sınaq qiymətləndirilməsi hələlik yalnız Bakı şəhəri üzrə məktəblərdə keçirilib:

“İkinci mərhələdə sınaq qiymətləndirilmənin təkmilləşdirilməsi üçün imkan yaradırıq və yalnız bundan sonra biz attestasiyanı həyata keçiririk. Burada gördüyünüz kimi biz sosial yanaşmaya üstünlük verdik”.

Bu modelin gələcəkdə bütün respublika ərazisində də tətbiq oluna biləcəyini deyən Mikayıl Cabbarov rayon və kənd orta məktəblərində vakansiyalardan da danışıb.

İbtidai sinif şagirdlərinin daşıdığı kitabların ağır olması ilə bağlı səslənən fikirlərə münasibət bildirən təhsil naziri deyib ki, Azərbaycan ümumtəhsil məktəblərində bərk qabıqlı kitablardan istifadə olunmur:

“Birinci sinfin dərsliyinin çəkisi 1,240 kiloqramdır. Biz çalışırıq ki, gələcəkdə bunu mümkün qədər optimallaşdıraq. Bu məqsədlə 6-7-ci siniflərdəki bütün dərsliklər açıq şəkildə elektron resursda yerləşdirilib”.

Mikayıl Cabbarov bildirib ki, növbəti dövlət proqramı hazırlanır. Nazir bildirib ki, gənclərin ilkin hərbi hazırlığını orta məktəblərdə almalarını təmin etmək üçün Müdafiə Sənayesi Nazirliyi ilə əldə olunan razılaşmaya görə, gələn il 50 məktəbin hərbi otaqları Azərbaycanda istehsal olunan hərbi avadanlıqlarla təchiz olunacaq.

www.oxu.az