Pakistan mətbuatı: Ermənistan helikopteri Azərbaycanın hava məkanını pozduğuna görə vurulub

“Helikopter vurulandan sonra Azərbaycan ərazisində yerə düşüb”…

“Helikopter vurulandan sonra Azərbaycan ərazisində yerə düşüb”.

“Pakistan States Times” qəzetində “Ermənistan helikopteri işğal olunmuş Azərbaycan ərazisində Azərbaycan ordusu tərəfindən vurulub. Yaradılmaqda olan Pakistan-Azərbaycan Media Forumu Ermənistanın uçuşlar üçün bağlı zonanı pozmasını qınayır” adlı məqalə dərc edilib.

Oxu.Az AzərTAc-a istinadən xəbər verir ki, məqalədə Pakistanın sabiq xarici işlər üzrə katibi, senator Akrem Zekiyə istinadla bildirilir ki, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz təlimlər keçirib və bu ölkənin uçuşlar üçün bağlı olan hava məkanını pozub. Qeyd edilib ki, Ermənistan hava qüvvələrinin helikopteri Azərbaycanın hava məkanını pozduğuna və Azərbaycan əsgərlərinin həyatına təhlükə yaratdığına görə məhv edilib.

Məqalədə Pakistan ordusunun ehtiyatda olan generalı Amcad Şoheybə istinad edilərək bildirilib ki, Ermənistanın Mi-24 tipli döyüş helikopteri vurulandan sonra Azərbaycan ərazisində yerə düşüb və bu da Ermənistanın Azərbaycanın hava məkanını pozmasının bariz sübutudur.

Müəllif məqalədə Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verir, Azərbaycanın Dağlıq Qarabağ regionunun və ona bitişik 7 rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu diqqətə çatdırır.

www.oxu.az