Ermənistan-Gürcüstan münasibətlərində baş verənləri normal qonşuluq münasibətləri qavramı ilə anlamaq mümkün deyil…
Ermənistan-Gürcüstan münasibətlərində baş verənləri normal qonşuluq münasibətləri qavramı ilə anlamaq mümkün deyil. Əslinə baxanda, Ermənistan Gürcüstan münasibətləri heç normal qonşuluq münasibəti hesab edilə bilməz.
Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi “Qarabağ saatı “nda deyib.
Politoloq bildirib ki, bu iki dövlətin qarşılıqlı münasibətini Gürcüstanın Ermənistana münasibəti kimi xarakterizə etmək daha düzgündür: “Gürcüstanın heç nəyi Ermənistandan asılı deyil. Ermənistanın isə xarici aləmlə bütün əlaqələri Gürcüstandan asılıdır. Ermənistan həm Rusiya ilə, həm də Qərblə əlaqələrini Gürcüstan vasitəsi ilə qurur. Bu kontekstdə Gürcüstan Ermənistan üçün alternativsizdir. Ermənistanda da bunu bilirlər. Amma məhz erməni xarakterinə uyğun geosiyasi parametr yarada biliblər. Gürcüstan ərazisində 400 minlik erməni icması yaşayır. Ermənistan istəsə Gürcüstan daxilindəki erməni icmasından istifadə edərək bütün Gürcüstanda xaos yarada bilər. Bu ideyanın daşıyıcılarından biri Ermənistan Qafqaz İnstitutunun direktoru Aleksandr İsgəndəryanın olması erməni kimliyini olduğu kimi xarakterizə edir. Başqa sözlə, Ermənistan Gürcüstana pislik edə bilər, amma etmir. Ona görə Gürcüstan Ermənistanın qarşısında özünü qul kimi aparmalıdır. Məhz bu fəlsəfəyə görədir ki, Ermənistan Müdafiə Nazirliyinin rəhbərliyi Gürcüstana təhlükəsizlik təminatı vermək iddiasına düşüblər. Gürcüstanın yeni müdafiə naziri Tinatin Xidaşeli Ermənistan müdafiə nazirinin müavini ilə görüşərkən qaldırdığı məsələlərə də Ermənistan müdafiə nazirinin müavininin verdiyi cavab hər şeyi göstərir “.
Politoloq bildirib ki, dağ sürüşməsi nəticəsində Gürcüstan nəqliyyatını təmin etmək məqsədi ilə “Yuxarı Lars” nəzarət keçid məntəqəsinin işini reqlamentləşdirir: “Ermənilər isə Gürcüstana təlqin edirlər ki, guya rəsmi Tbilisi bu addımını Azərbaycanın təkidi ilə atır. Ermənistanın baş naziri Ovik Abramyan gənclər arasında keçirilən Avropa oyunlarında iştirakı zamanı Gürcüstanın baş naziri İ.Qaribaşvilini əsas işindən ayırıb “Yuxarı Lars” məntəqəsinə apardı. Əslində, bu da erməni kimliyinin göstəricilərindən biridir.
Mərkəz rəhbəri vurğulayıb ki, rəsmi Yerevan Gürcüstanı Ermənistanın maraqlarına uyğun siyasət aparmağa məcbur edir. Ermənistan Avropa və ABŞ-dakı erməni təşkilatlarının imkanlarından istifadə edərək Cavaxetiyadakı erməniləri də qızışdırmaq siyasətini davam etdirirlər. Ermənistan və ermənilər üçün Cavaxetiya Dağlıq Qarabağa bərabərdir. Rəsmi Tbilisi Cavaxetiya regionunda iki istiqamətdə iş görür – həm bu regionu hərbi nöqteyi nəzərdən möhkəmləndirir, həm də Qərbdən gələn investisiyaların böyük bir qismini ermənilərin yaşadığı bu regiona yönəldir “.
M.Əhmədoğlu sonra əlavə edib ki, ona görə son vaxtlar Ermənistan sərhədçiləri Gürcüstanda yaşayan, Gürcüstan vətəndaşı olan azərbaycanlıları tez-tez həbs edirlər: “Guya bu azərbaycanlılar Ermənistan-Gürcüstan sərhəddini pozurlar. Ermənistan-Gürcüstan sərhəddi əvvəllər nə vəziyyətdə idisə, indi də o vəziyyətdədir. Yerli azərbaycanlıların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə informasiyaları dəyişməyib. Belə olan təqdirdə hər gün getdiyi yerə gedən azərbaycanlıların günlərin bir günündə tutub saxlanılmasının məsuliyyəti Ermənistan tərəfinin üzərindədir “.
Politoloq hesab edir ki, rəsmi Tbilisi Ermənistanın Gürcüstana qarşı apardığı siyasətini bilir. Ən azı Gürcüstan xarici işlər naziri Tamar Beruçaşvili yaxınlarda verdiyi açıqlamalarının birində Ermənistanın aqressiv siyasəti barədə Aİ-ni məlumatlandırıldığını bildirdi. Gürcüstanla münasibətində Ermənistan neqativ tutumlu kəmiyyət göstəricilərinin sayını artırır “.
Mərkəz rəhbəri sonra qeyd edib ki, kəmiyyət dəyişikliklərinin yeni keyfiyyət dəyişikliyinə keçməsi qanununu heç kəs ləğv etməyib%. Gürcüstan Ermənistana qarşı yeni keyfiyyətli siyasət tətbiq edə bilər: “Bu yaxın vaxtlarda olarsa, Ermənistan üçün ciddi fəsadlar yarada bilər. Ermənistan parlamentinin deputatı Vardan Ayvazyanın Cavaxetiya regionundakı özünəməxsus göldə yerli ermənilərə balıq tutmasını yasaqlaması yeni keyfiyyət vəzifəsinin yaranmasında sonuncu damlalardan biri ola bilər “.
/Trend/