“İLHAM ƏLİYEV ÜÇÜN HƏR BİR AZƏRBAYCANLININ HƏYATI SON DƏRƏCƏ QİYMƏTLİDİR “…
Xəbər verdiyimiz kimi, mayın 19-da paytaxtın Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla əlaqədar səhəri gün Azərbaycan Prezidenti İlham Əliyev hadisə yerində olub.
Dövlətimizin başçısı binaya baxış zamanı hadisənin səbəblərinin araşdırılması və nəticələrinin aradan qaldırılması ilə bağlı təxirəsalınmaz tədbirlərin görülməsi, hadisə vaxtı zərər çəkənlərə və həlak olanların ailə üzvlərinə yardımların göstərilməsi və digər məsələlərlə əlaqədar Dövlət Komissiyasının üzvlərinə yerindəcə tapşırıqlarını verib. Daha sonra baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının Azərbaycan Prezidentinin rəhbərliyi ilə ilk iclası keçirilib. Toplantı bir sıra vacib mesajları ilə yadda qalıb.
Ölkə başçısı İlham Əliyev müşavirə zamanı çıxışında Binəqədi rayonunda yerləşən binada baş verən yanğınla bağlı ciddi təxirəsalınmaz tədbirlərin görülməsinin, faciədən zərər çəkənlərə, həlak onların ailə üzvlərinə hərtərəfli yardımlar edilməsinin vacibliyini bir daha diqqətə çatdırıb, günahkarların dərhal tutularaq cəzalandırılmasını tələb edib.
Prezident qeyd edib ki, rəhbərlik etdiyi komissiya bütün məsələləri araşdırıb rəy verməlidir. İlham Əliyevin sözlərinə görə, ilk növbədə, yanğının nəticələri araşdırılmalıdır: “Hüquq mühafizə orqanlarına göstəriş verilib. Onlar bu işlərlə məşğuldur. Dünən ( red: 19 mayda) cinayət işi açılıb. Cinayət törətmiş insanlar məsuliyyətə cəlb olunmalıdır. Hazırda komissiya işləyir. Əsas məsələ ondan ibarətdir ki, zərərçəkmiş insanlara qayğı, diqqət göstərilsin. Onlar indi müvəqqəti olaraq mənzil şəraiti ilə təmin edilirlər. Göstəriş verilib ki, onların müvəqqəti məskunlaşması ilə bağlı bütün müvafiq tədbirlər görülsün. Onlara maddi kömək də göstərilib ki, bina təmir olunanadək onlar müvəqqəti olaraq kirayədə qalsınlar. Bu məsələlər öz həllini tapır. İlkin versiya ondan ibarətdir ki, təmirdə istifadə olunan üzlük materialları keyfiyyətsiz idi və odadavamlı materiallar deyildi. Mən Bakıda aparılan təmirlə bağlı dəfələrlə məsələ qaldırdım ki, ilk növbədə, təmir keyfiyyətlə aparılmalıdır və təhlükəli maddələrdən istifadə olunmamalıdır.
Müvafiq dövlət qurumlarının nümayəndələri məni də dəfələrlə inandırırdılar ki, istifadə olunan bütün materiallar keyfiyyətlidir və odadavamlıdır. Ancaq hadisə onu göstərir ki, bu, yalan məlumatdır. Bu məsələ də araşdırılmalıdır ki, bu binaların təmirində istifadə olunan materiallar harada istehsal edilib və ya haradan idxal olunub. Onlara kim sertifikat verib? Hansı ekspertizadan keçib? Əgər ekspertizadan keçibsə, o rəyi kim verib? Əgər ekspertizadan keçməyibsə, deməli, bu binalar qanunsuz şəkildə təmir olunub. Yəni, bütün bu məsələlər ciddi şəkildə araşdırılmalıdır. Görürəm ki, burada bəzi qurumlar bu məsuliyyəti bir-birinin üstünə atmaq istəyirlər. Ona görə hüquq mühafizə orqanları, ilk növbədə, prokurorluq məsələni ciddi araşdırmalıdır və konkret nəticə hasil edilməlidir ki, günahkarlar kimlərdir “.
İlham Əliyev vurğulayıb ki, günahsız vətəndaşların ölümündə təqsiri olan bütün qurumlar, bütün insanlar cəzalandırılacaq: “Cəza da çox ciddi olacaq. Çünki günahsız insanlar həlak olub. Onların heç bir günahı yox idi. Bu, birinci hal deyil. Əslində birinci yanğın baş verəndən sonra bu tədbirlər görülməli idi. Mən müvafiq göstərişlər vermişdim. Çünki Xətai rayonundakı birinci bina da çox qısa bir müddət ərzində alovlanıb yanmışdı. Bu dəfə də oxşar hadisə baş vermişdir. Baxmayaraq ki, xilasedicilər, yanğınsöndürən maşınlar, təcili tibbi yardım briqadaları dərhal hadisə yerinə gəlmişlər, görüntülər var, ancaq bina çox qısa müddət ərzində yanmışdır. Hər kəs nəticə çıxarmalıdır. Hər bir dövlət məmuru öz məsuliyyətini dərk etməlidir. Bir daha qeyd etməliyəm ki, heç kim cəzasız qalmayacaq. Günahkar insanlar dövlət tərəfindən cəzalandırılacaq və ədalət bərpa ediləcək “.
Qeyd etmək lazımdır ki, ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə baş tutan müşavirədə səsləndirdiyi fikirlər təkcə Azərbaycan ictimaiyyəti üçün deyil, ümumilikdə dünyanın ictimai-siyasi həyatı üçün əhəmiyyət kəsb edir. Xüsusilə, dövlət başçısı Avropa Oyunları və başqa tədbirlərin bu faciə qarşısında heçə bərabər olduğunu bildirməklə Azərbaycan xalqına verdiyi dəyərlə yanaşı, ölkəmizə qarşı qarayaxma kampaniyaları aparan anti-Azərbaycan qüvvələrinə də layiqli cavab vermiş olub. Yəni, Azərbyacan vətəndaşının həyatından söhbət getdiyi vaxtda dövlət üçün bundan əhəmiyyəli heç nə ola bilməz. Bu Prezident İlham Əliyevin ölkə insanına, onun yaşamaq, mülkiyyət haqqına verdiyi böyük qiymətdir.
Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı bildirib ki, dövlət başçısı İlham Əliyevin sonuncu müşavirədəki çıxışını diqqətlə izləyib. O hesab edir ki, bütün deyilən ifadələr Azərbaycan xaqlının mütləq əksəriyyətinin ürəyindən, düşüncələrindən gələn fikirlər idi: “Təəssüf edirəm ki, Binəqədi rayonunda insan tələfatı ilə nəticələn yanğın faciəsi baş verib. Körpədən tutmuş qocaya kimi insanlar faciəvi şəkildə həlak olublar. Ürəkağrıdan bir hadisədir. Əminəm ki, dövlət başçısının verdiyi bütün tapşırıqlar yerinə yetiriləcək. Günahkarların üzə çıxarılıb cəzalandırılacağına heç bir şübhəm yoxdur. İclasda ayrı-ayrı nazirlərin vermiş olduğu məlumatlardan məlum olub ki, böyük təhlükə mənbəyi rolunu oynayan, saxta üzlüklərin Bakıda kütləvi şəkildə binalara vurulmasına bu dərəcədə biganə münasibət məni son dərəcədə heyrətləndirir. Axı biz Azərbaycanda yaşayırıq və dövlət başçısının da qeyd etdiyi kimi kərpici kərpicin üstünə qoyanda belə bundan hamı xəbər tutur. Bəs necə olur ki, paytaxtın müxtəlif rayonlarında binalara belə üzlüklər vurulur, lakin heç kimin xəbəri olmur? İcazəsinə dair heç bir müqavilə olmayan, insan həyatına böyük təhlükə yaradan bu üzlüklərin binalara vurulmasını həyata keçirərək külli miqdarda qazanc əldə edənlər kimlərdir? Bu birmənalı şəkildə millətə, dövlətə xəyanətdir “.
Millət vəkilinin sözlərinə görə, sonradan məlum olub ki, bu üzlüklərin çəkilməsiylə bağlı Bakıda dörd hadisə baş verib: “Şükürlər olsun ki, əvvəlki hadisələrdə insan tələfatı qeydə alınmayıb, sonuncuda isə bu baş verib. Məgər, gözləmək lazım idi ki, insan tələfatı olsun, bu cür faciə baş versin, sonra həyəcan təbili vurulsun və məsələyə ölkə rəhbəri qarışsın? Diqqət yetirsək, müşavirədə belə bir fikir səsləndirilib ki, üzlüklərin dəyişdirilməsi müvəqqəti təxirə salınsın. Lakin Prezident İlham Əliyevin son dərəcə qətiyyətli və ciddi reaksiya verərək, Azərbaycanda insan həyatının istər Avropa Oyunları, istərsə də digər yarışların fövqündə olduğunu, bu kimi faciələrin yanında mötəbər idman yarışlarının heçə bərabar olduğunu bildirib. Burada Azərbaycan Prezidentinin xalqa səmimi münasibətinin də şahidi olduq, baş verən hadisəyə məsuliyyət daşıyan insanların laqeydliyini də gördük “.
F.Ağamalı hesab edir ki, məsələylə əlaqədar Bakı şəhər İcra Hakimiyyəti də ciddi araşdırmalar aparmalıdır: “Ola bilsin ki, Bakının icra başçısı Hacıbala Abutalıbov da aldadılıb, ona yalan informasiyalar verilib “.
Ölkə rəhbəri İlham Əliyevin bir sıra digər məqamlara da toxunduğunu xatırladan partiya sədri qeyd edib ki, dövlət başçısı Şıx ərazisində tikilən qanunsuz binaların taleyinə də aydınlıq gətirib: “Məlum məsələdir ki, hər hansı bir yerdə inşaat işləri başlayan kimi bütün icra strukturlarının nümayəndələri dərhal hadisə yerinə gəlir, icazəsiz həyata keçirilən tikintinin qarşısını alır. Bəs necə ola bilir ki, hər hansı bir binanın on mərtəbəsi ucaldıldıqdan sonra məlum olur ki, onların tikinti aparmağa icazəsi yoxdur? Bütün bunlar kifayət qədər düşündürücü məqamlardır.
Dövlətin malını oğurlayan, xalqın cibinə girən o möhtəkir insanlar doğrudanmı Azərbaycan xalqının bu gününü və gələcəyini düşünməyiblər? Təəssüf ki, belələri aramızda var. Hesab edirəm ki, bu kimi şəxslərə qarşı qətiyyətli tədbirlər görülməlidir. Əminəm ki, Prezident İlham Əliyev Binəqədidə baş verən hadisəylə bağlı çox ciddi addımlar atacaq. Çox guman ki, bir çox şəxslər məsuliyyətə cəlb olunacaq, vəzifəsindən kənarlaşdırılacaq və xalqın dərin nifrəti ilə üz-üzə dayanacaqlar “.
Millət vəkili əlavə edib ki, ölkə rəhbəri bir daha siyasi iradəsini ortaya qoyaraq vurğulayıb ki, hər bir azərbaycanlının həyatı son dərəcə qiymətlidir və miqyasından asılı olmayaraq keçirməyə hazırlaşdığımız bütün tədbirlərdən yüksək pillədə dayanır: “Bu təkcə insanpərvərliyin nümunəsi deyil, eyni zamanda vətənpərvərliyin, vətəndaşına yüksək dəyər və qiymətin səmimi bir ifadəsidir. Dövlət başçısı həmişə olduğu kimi bu müşavirədə də söylədiyi fikirlərdə səmimi idi və dediyi hər bir sözün arxasında dayanır. Əgər biz istəyirik ki, xalqımız dünya xalqlarının içərisində uca səslə “mən varam! ” deyə bilsin, gərək Prezidentimizi qoruyaq. Azərbaycan xalqının sərvətini talayan məmurlara müraciət edirəm ki, bəsdirin, ayıbdır, bütün mənalarda ölkə başçısından nümunə götürün! “
Millət vəkili Qənirə Paşayeva qeyd edib ki, bütün məmurlar, o cümlədən, yerlərdə çalışan idarə və qurum rəhbərləri, millət vəkilləri olaraq hamı dövlət başçısı İlham Əliyevin müşavirədəki çıxışını çox diqqətlə izlədi və hər kəs bundan nəticə çıxarmalıdır: “Biz hamımız ölkə başçısının da vurğuladığı kimi xalqa, insanlara xidmət etməliyik. Prezidentimiz çox ciddi göstərişlər verib və inanırıq ki, onlar həyata keçəcək. İlk olaraq isə bu böyük faciə nəticəsində zərər çəkmiş insanlarımıza lazım olan dəstək göstəriləcək.Onların əzizlərinin itkisini geri qaytarmaq mümkün deyil, amma yaralarını sarmaq üçün hamımız bu günlərdə onlarla birlikdə olduğumuzu göstərməliyik, acılarını onlarla bərabər gedib paylaşmalı, ən azı mənəvi dəstək olmalıyıq “.
İnsan Hüquqları 21-ci əsr – Azərbaycan Fondunun sədri Şahin Camalov deyib ki, son müşavirədə Prezindent İlham Əliyevin həm ictimaiyyətə, həm də bəzi dövlət məmurlarına çatdırdığı mesajlar bir daha göstərir ki, ölkə başçısı hər zaman Azərbaycan xalqının yanındadır. Onun sözlərinə görə, xüsusilə İlham Əliyevin “Avropa Oyunları olmur, başqa oyunlar olsun, yaşanan faciənin yanında heçə bərabərdir ” fikri Azərbaycan xalqına verilən diqqətin nümunəsidir: “Bu eyni zamanda, dünya ictimaiyyətinə də bir mesaj olub ki, Azərbaycan Prezidenti hər zaman xalqının yanındadır. Ona görə də bu toplantı çox vacib əhəmiyyət kəsb edir.
İlham Əliyev bir daha diqqətə çatdırıb ki, möhtəkir məmurların gördüyü işlər onu göstərir ki, onlar həm dövləti, həm də ölkə rəhbərliyini aldadıblar. Dövlət başçısı qətiyyətlə bildirib ki, Azərbaycanın dövlətçiliyinə zərbə vuran, xalqın sərvətini talayan, ona düşmən münasibəti bəsləyən hər kəs cəzalanacaq. Ona görə də bu görüş Azərbaycan tarixində silinməz izlər buraxacaq və yaddaşlardan heç vaxt çıxmayacaq. Eyni zamanda hesab edirəm ki, Azərbaycan xalqı bunu layiqincə qiymətləndirəcək. Hər kəsə məlum olub ki, ölkə Prezidenti İlham Əliyevin mövqeyi qətidir və ədalət mütləq öz yerini tapacaq “.
/525 ci qezet/