Qaçqın statusunun müəyyənləşdirilməsi proseduruna dair təlim keçirilir

Qaçqın statusunun müəyyənləşdirilməsi proseduruna dair təlim keçirilir

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) Azərbaycandakı nümayəndəliyi “Şərqi Avropa və Cənubi Qafqaz ölkələrində sığınacaq sistemlərinin keyfiyyətinin artırılması təşəbbüsü” layihəsi çərçivəsində martın 1-də Dövlət Miqrasiya Xidmətinin (DMX) əməkdaşları üçün qaçqın statusunun müəyyənləşdirilməsi (QSM) proseduruna dair üç günlük təlimə başlayıb.

Nümayəndəlikdən AZƏRTAC-a bildiriblər ki, təlimin sessiyaları inandırıcılığın qiymətləndirilməsi: məqsəd və prinsiplər, iddianın əsaslılığının təhlili və keyfiyyətin təminatı üzrə mövzuları əhatə edir.

Təlimin məqsədi DMX-nin qaçqın statusunun müəyyənləşdirilməsi proseslərinə cəlb olunan və xüsusi ehtiyacı olan sığınacaq axtaran şəxslərlə işləyən əməkdaşlarının bilik və bacarıqlarının artırılmasıdır.

Azərbaycan 2013-ci ilin aprelində fəaliyyətə başlayan “Şərqi Avropa və Cənubi Qafqaz ölkələrində sığınacaq sistemlərinin keyfiyyətinin artırılması təşəbbüsü” layihəsində iştirak edən altı ölkədən biridir. Bu layihə BMT QAK tərəfindən həyata keçirilir və altı ölkədə sığınacaq prosedurunu və qaçqınların himayəsini yaxşılaşdırmağa yönəlib. Layihə Azərbaycan ilə yanaşı, Belarus, Gürcüstan, Ermənistan, Moldova və Ukraynanı əhatə edir.

 

AZƏRTAC