“Çox təəccübləndim”…
“Çox təəccübləndim”.
Əbu-bəkr məscidinin şeyxi Qamət Süleymanov Sumqayıt vəhhabilərinin lideri Zöhrab Şıxəliyevin polis tərəfindən saxlanılmasına münasibət bildirib.
Oxu.Az xəbər verir ki, Q.Süleymanov virtualaz.org-a açıqlamasında Zöhrab Şıxəliyevi tanıdığını və onun saxlanılmasına təəccübləndiyini deyib.
“Zöhrabla tanışlığımız var. Əslində o elə adam deyil. Onun tutulması xəbərini eşidəndə çox təəccübləndim. Çünki o heç vaxt hakimiyyətə qarşı çıxmayıb. Əksinə, hakimiyyətə qarşı çıxanları tənqid edib. İndi bizim, məsələnin mahiyyətini anlamaq üçün, vaxta ehtiyacımız var”, – deyə Qamət Süleymanov bildirib.
Qeyd edək ki, dünən Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə Sumqayıt şəhər sakini, 1978-ci il təvəllüdlü Zöhrab Şıxəliyev saxlanılıb. Onun üzərinə baxış zamanı sandıqçasında 3 patronu olan “Valter” markalı tapança aşkarlanıb.
Əməliyyat tədbirlərinin davamı olaraq Z.Şıxəliyevin Corat qəsəbəsində yaşadığı evə baxış zamanı həyətdə qanunsuz inşa edilmiş məscid və mədrəsə kimi istifadə olunan yeraltı tikili aşkar olunub. Orada və evində aparılan axtarış zamanı isə 3 ədəd qumbara, 48 müxtəlif çaplı patron, 6 ədəd partladıcı detonator, 2 ədəd təhlükəsizlik kamerasının yaddaş qurğusu, habelə yayılması qanunla qadağan edilmiş 500 ədəd dini ədəbiyyat və 210 ədəd disk tapılaraq götürülüb.