“Qarabağda vurulmuş helikopter” barədə məlumatlar heç də dəqiq deyil

“Ağdam heç zaman Dağlıq Qarabağa aid olmayıb”…

“Ağdam heç zaman Dağlıq Qarabağa aid olmayıb”.

Noyabrın 12-də Qarabağ səmasında Azərbaycanın hava hücumundan müdafiə qüvvələri tərəfindən ermənilərə məxsus Mi-24 döyüş helikopteri vurulub. Üç nəfərdən ibarət ekipaj həlak olub.

ATƏT-in Baş katibi Lamberto Zanyer öz təcili bəyanatında “böhran miqyasının genişlənə biləcəyi” barədə xəbərdarlıq edib.

Və hələlik Ermənistanın Müdafiə Nazirliyi Azərbaycan tərəfi üçün “ağır nəticələr” barədə təhdidlərlə çıxış etdiyi bir vaxtda, Azərbaycanın müdafiə naziri tez bir zamanda düşmən helikopterini vurmuş Azərbaycan hərbçisini mükafatlandırdı.

“Vestnik Kavkaza” saytının məlumatına görə, insident həqiqətən də, adi deyil və baş verən hadisənin erməni və Azərbaycan qoşunlarının bütün təmas xəttində növbəti gərginlik mərhələsinə start verəcəyi barədə obyektiv zəminlər var.

Belə ki, 1994-cü ildə atəşkəsin imzalandığı vaxtdan 12 noyabradək cəbhədə münaqişə tərəflərindən heç birinin helikopteri məhv edilməyib. Beləliklə də, 2014-cü il təkcə itkilər baxımından rekord olmayıb, həm də bahalı düşmən texnikasının məhv edilməsi ilə yadda qaldı.

Bundan başqa, helikopter erməni Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarında keçirdiyi təlimlər zamanı vuruub. Düşmən helikopterini məhv edən Azərbaycan bir qayda olaraq Dağlıq Qarabağ və ona bitişik ərazidə keçirilən təlimləri daxili təbliğat üçün istifadə edən erməni hərbi və siyasi rəhbərliiynin imicinə də ağrılı zərbə vurub. Axı “Qarabağ arqumenti” ölkədəki hazırkı ağır sosial-iqtisadi böhranı Azərbaycanın Dağlıq Qarabağ regionu və ona bitişik yeddi rayonunu işğal altında saxlamaqla kompensasiya edən erməni rəhbərliyinin daxili siyasi mübarizədə əsas, bəlkə də yeganə kartıdır.   

Böyük ehtimalla, yaxın vaxtlarda “balansı tarazlaşdırmaq” və erməni ictimaiyyətini sakitləşdirmək üçün cəhdlər olacaq. Buna görə də, qarşıdakı günlər və həftələrdə erməni kəşfiyyat-diversiya qruplarının Azərbaycan ordusunun postlarına hücum edəcəyi ehtimalını nəzərə almaq lazımdır.

Bu hadisəni nəzərdən keçirərkən, səbəb və nəticəni qarışdırmaq lazım deyil. Erməni döyüş aviasiyasının Azərbaycanın heç keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə aid olmayan rayonlarda, Azərbaycan ordusunun Ağdam rayonundakı mövqelərinin bilavasitə üzərində uçuşlar həyata keçirməsi – əvvəlcədən riskli addım idi. Qeyd etmək lazımdır ki, bir sıra KİV-də “Dağlıq Qarabağ səmasında vurulmuş helikopter” barədə məlumatlar heç də tam dəqiq deyil. İş ondadır ki, sovet vaxtlarında öz konyakları ilə məşhur olan Ağdam heç zaman Dağlıq Qarabağa aid olmayıb və bu gün də aid deyil.

Bu arada hazırkı erməni prezidenti Serj Sarkisyan da dəfələrlə bəyan edib ki, “Ağdam bizim torpağımız deyil”. Və əgər erməni prezident Ağdamın Azərbaycana məxsusluğunu şübhə altına qoymursa, o zaman qanunauyğun sual yaranır: Bəs onda erməni ordusu niyə həmin ərazidə təlim keçirir?

Vurulmuş helikopter cəbhə xəttindən 500 metr məsafədə yerə düşüb və AR Müdafiə Nazirliyinin bəyanatına görə, Azərbaycanın döyüş mövqelərinə hücuma hazırlaşırmış və buna görə də, HHM sisteminin ölümcül atəşinə səbəb olub. Erməni ordusunun ikinci helikopteri qaçıb gizlənə bilib. Erməni hərbi idarəsi hadisənin bu cür izahı ilə razı deyil. Azərbaycanın Müdafiə Nazirliyi isə cavabında nəzarət etdikləri ərazidən çəkilmiş fotoşəkilləri yaydı. Həmin fotolardan ermənilərin döyüş helikopterlərinin Azərbaycanın ön cəbhədəki mövqelərinə nə dərəcədə yaxınlaşması yaxşı görünür.

Bəs ortada olan nədir? Artıq indi birmənalı olaraq iddia etmək olar ki, cəbhədə avqustdakı gərgin döyüşlərdən sonra yaranan sakitlik başa çatır. Aydındır ki, avqustun 10-da İlham Əliyev və Serj Sarqsyanı Soçidə təcili üçtərəfli danışıqlara çağırmış Vladimir Putinin diplomatik təşəbbüsü öz effektini qısamüddətli perspektivdə göstərdi.

Rusiyanın regiondakı siyasi nüfuzu hesabına münaqişə zonasında əldə olunmuş istənilən sakitlik dövrü yalnız ilk təxribata kimi davam edəcək. Noyabrın 12-də belə təxribat erməni aviasiyasının Azərbaycanın mövqeləri üzərində təhlükəli uçuşları oldu. Aydındır ki, ATƏT-in Minsk Qrupunun yolverilməz saydığı status-kvonun qorunub-saxlanılması “Qarabağ bombasının” partlamasına gətirib çıxara bilər. Və nə qədər ki, problemin sistemli və uzunmüddətli həlli resepti təklif olunmayıb, müharibə edən tərəflər bir daha qaçılmaz itkilərə hazırlaşmalıdırlar.

www.oxu.az