Qlobal Bakı Forumu çərçivəsində radikallaşma və miqrasiya mövzusunda panel keçirilib

Qlobal Bakı Forumu çərçivəsində radikallaşma və miqrasiya mövzusunda panel keçirilib

IV Qlobal Bakı Forumu çərçivəsində “Qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu. Birgə fəaliyyətə necə nail olmalı?“ mövzusunda panel keçirilib.

 

APA-nın məlumatına görə, panelin aparıcısı, Bosniya və Herseqovinanın keçmiş baş naziri Zladko Lagumdziya bildirib ki, radikallaşmanın mənbəyini tapmaq lazımdır. O, miqrasiya probleminə də toxunub: “Bu, ciddi problemdir. Bu gün İordaniyada 5 yerli vətəndaşa 1 miqrant, Türkiyədə 5 nəfərə 1 miqrant, Avropa İttifaqında isə hər 100 min nəfərə 1 miqrant düşür. Ümumilikdə dünyada 95 nəfərə 1 miqrant düşür”.

 

Macarıstanın sabiq baş naziri Peter Medqeessi “ərəb baharı” prosesinə toxunaraq deyib ki, bu, yetişməmiş bir proses idi: “Əksər məqamlar, xüsusilə də indiki miqrant problemi nəzərə alınmadı. Açıq danışmaq lazımdır ki, tam həll yolu olmasa da, bu gün müharibənin, silahlı insidentlərin dayandırılması miqrant problemini xeyli zəiflədəcək. Amma bütün hallarda bu problemin kökdən həlli xeyli vaxt aparacaq”.

 

Moldovanın sabiq prezidenti Petru Luçinski deyib ki, bəşəriyyət effektiv tədbirlər görməsə, miqrant probleminin qarşısı alınmayacaq: “Artıq vəziyyət o yerə çatıb ki, miqrant problemi xalqların yerdəyişməsi prosesinə çevrilib. Bunun nə ilə nəticələnəcəyini təsəvvür etmək mümkün deyil. Mən düşünürəm ki, ikinci Marşall planı hazırlamaq lazımdır. Necə ki, Avropa İkinci Dünya müharibəsindən sonra bu planla problemdən çıxdı”.

 

P. Luçinski BMT-ni bu məsələdə aktiv olmağa çağırıb və ölkələri həmrəy olmağa dəvət edərək konkret planların ortaya qoyulmasını vacib sayıb: “Əks halda, heç bir ölkə bu bəladan sığortalana bilməyəcək”.

 

İsrailin sabiq xarici işlər naziri xanım Tszipi Livni bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin dünyanın təhlükəli dövrdə olması fikri ilə tam razıdır: “Bu gün təhlükə Avropadan kənarda deyil, artıq Avropanın özündədir. Münaqişələr hər yerdə var. Bu gün biz heç vaxt olmadığı qədər dini müharibə ilə üz-üzəyik. Bu, məsələn, islam-xristian müharibəsi deyil, din daxilində təriqətlər müharibəsi həddindədir”. Sabiq nazir qeyd edib ki, İŞİD-in hüceyrələri bir ölkədə yox, müxtəlif ölkələrdə kök salıb: “Hər yerdən bu qruplaşmaya insanlar qatılır. Bu, artıq təhlükəli sistemə çevrilib”.

 

Rumıniyanın sabiq  baş naziri Petre Romanın fikrincə, qaçqınlar miqrasiyanın radikal hissəsini təşkil edir. O, Angela Merkelin miqrantlarla bağlı bəyanatını xatırladaraq bunu alman tarixində dönüş adlandırıb. Sabiq baş nazir dünyanı baş verənlərdən nəticə çıxardaraq qərarlar qəbul etməyə çağırıb.

 

Panel sual-cavabla davam edib.

 

Apa.az