Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatasının “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı verdiyi qərarla bağlı bəyanat verıb…
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatasının “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı verdiyi qərarla bağlı bəyanat verıb.
XİN-dən Trend-ə bildirilib ki, sözügedən iş erməni təcavüzü dövründə Azərbaycanın Laçın rayonu ərazisindən qovulmuş altı Azərbaycan vətəndaşının Ermənistan Respublikasına qarşı 6 aprel 2005-ci il tarixli iddia müraciətinə əsaslanır.
İddiaçiların “İnsan hüquq və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiya çərçivəsində bir sıra hüquqlarının (mülkiyyətin qorunması hüququ (1 saylı Protokolun 1-ci maddəsi), şəxsi həyata və ailə həyatına hörmət hüququ (Konvensiyanın 8-ci maddəsi) və səmərəli hüquqi müdafiə vasitələri hüququ (Konvensiyanın 13-cü maddəsi)) Ermənistan tərəfindən pozulmasının davam etdiyini bildirərək, Məhkəmə iddiaçıların xeyrinə qərar verib:
“Məhkəmə qərarı Ermənistanın Azərbaycan ərazilərinin qeyri-qanuni işğalı və işğal olunmuş ərazilərində hərbi mövcudluğunu davamlı inkarına birdəfəlik son qoyub. Məhkəmə icraatı zamanı beynəlxalq ictimaiyyəti yayındırmağa və münaqişənin səbəb və mahiyyətini təhrif etməyə ənənəvi olaraq cəhd edən Ermənistan öz yurisdiksiyasının Dağlıq Qarabağ ərazisi və ətraf əraziləri əhatə etmədiyini, həmin ərazilər üzərində effektiv nəzarəti və ya hər hansı dövlət hakimiyyətini həyata keçirmədiyini və keçirə bilmədiyini, hərbi münaqişədə iştirak etmədiyini, Laçın rayonunun işğalında və hər hansı sonrakı hərbi əməliyyatlarda iştirak etmədiyini, Dağlıq Qarabağ və ətraf rayonlarda hərbi mövcudluğunun olmadığını bildirib. Ermənistan daha sonra qondarma “DQR-in beynəlxalq hüquq çərçivəsində müstəqil dövlət əlamətlərinə malik olan suveren və müstəqil dövlət olduğunu”; “onun Dağlıq Qarabağ və ətraf ərazilər üzərində nəzarət və yurisdiksiyaya malik olduğunu”; “Ermənistan Respublikası və “DQR”-in müxtəlif dövlətlər olduğunu” və yarandığı gündən “DQR”-in müstəqil şəkildə öz siyasi, sosial və maliyyə siyasətini yürütdüyünü iddia edib”.
Nazirliyin bəyanatında daha sonra qeyd edilir ki, Ermənistan tərəfindən təqdim edilmiş bu və digər uydurma iddialara cavab olaraq, Məhkəmə müharibəyə səbəbin Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi çağırışları olmasını və Ermənistan SSRİ-nin Ali Soveti və Dağlıq Qarabağ yerli şurası tərəfindən 1989-cu ilin dekabrında “birləşməyə” dair birgə qərarın qəbul edilməsi xüsusi qeyd edib: “Məhkəmə 1992-ci ilin may ayında Laçın rayonuna qarşı hərbi hücum nəticəsində Azərbaycan vətəndaşlarının həmin rayonu tərk etməyə məcbur edildiyini bildirib. Məhkəmə bəyan edib ki, Dağlıq Qarabağ və Laçın rayonu və ətraf rayonlar hazırda işğal altındadır və həmin vəziyyətə münasibətdə “Quruda müharibə aparma qanun və adətləri haqqında” 1907-ci il Haaqa Konvensiyası və “Müharibə zamanı mülki şəxslərin müdafiəsi haqqında” 1949-cü il Cenevrə Konvensiyasının müvafiq müddəlarında təsbit olunmuş hərbi işğala dair beynəlxalq hüquq tətbiq edilir”.
Bəyanatda bildirilir ki, məhkəmə sözügedən işin icraata qəbul edilməsinə dair 14 dekabr 2011-ci il tarixli qərarına istinad edərək, “DQR”-ın heç bir dövlət və ya beynəlxalq təşkilat tərəfindən dövlət kimi tanınmadığını” vurğulayıb və beləliklə bu qondarma qurumu qətiyyətlə rədd edən və Azərbaycanın ərazi bütövlüyünə qarşı güc tətbiq etməklə yaradılmış və etnik təmizləmə və digər kobud pozuntularla müşayiət olunan vəziyyətin legitimliyini tanımaqdan imtina edən beynəlxalq birliyin mövqeyini bir daha təsdiq edib.
Bununla yanaşı, təqdim olunmuş faktları nəzərdən keçirərək, Məhkəmə “Ermənistan Respublikasının hərbi müdaxilə və hərbi sursat və avadanlığın təminatı və təlim vasitəsi ilə Dağlıq Qarabağ münaqişəsində başlanğıcdan əhəmiyyətli dərəcədə iştirak etdiyini”, “bu hərbi dəstəyin sözügedən ərazilərin zəbt edilməsi və onların üzərində davamlı nəzarətin həyata keçirilməsində həlledici olub və qalmaqda davam etdiyini” və “faktların Ermənistanın və qondarma “DQR”-ın silahlı qüvvələrinin yüksək dərəcədə inteqrasiya olunmasının birmənalı göstərdiyini” təsdiq edib. Separatçı qurumun Ermənistandan siyasi, maliyyə və digər asılılığını göstərən bu və digər sübutlar əsasında Məhkəmə qənaətə gəlib ki, “Ermənistan Respublikası Dağlıq Qarabağ münaqişəsinin başlanğıcdan qondarma “DQR” üzərində əhəmiyyətli və həlledici təsirə malikdir, bu iki qurum bütün vacib məsələlərdə yüksək dərəcədə inteqrasiya olunub və bu vəziyyət indiyədək davam edir” və “qondarma “DQR”-ın və onun administrasiyasının mövcudiyyəti Dağlıq Qarabağ və Laçın rayonu daxil olmaqla ətraf rayonlar üzərində effektiv nəzarəti həyata keçirən Ermənistanın ona verdiyi hərbi, siyasi, maliyyə və digər dəstəkdən asılıdır”.
Məhkəmə məcburi köçkünlərin öz evlərinə və ya daimi yaşayış yerlərinə qayıtmaq hüquqlarını bir daha təsdiq etmiş və ev və əmlakın restitusiyası ilə bağlı hüquqi və texniki məsələləri özündə əks etdirən beynəlxalq humanitar və insan hüquqları çərçivəsində müvafiq standart və prinsipləri yenidən xatırladıb. Məhkəmənin nöqteyi-nəzərincə, inter alia, Ermənistanın və onun dəstək verdiyi qoşunların davamlı mövcudluğu və atəşkəsin pozulması daxil olmaqla, hazırkı şəraitdə azərbaycanlıların öz evlərinə qayıtmaları praktiki baxımından real deyildir.
Eyni zamanda Məhkəmə vurğulayıb ki, ATƏT-in Minsk Qrupu çərçivəsində davam edən danışıqlar qüvvədə olan əmlak hüquqları daxil olmaqla, azərbaycanlı məcburi köçkünlərin hüquqlarına müdaxilə üçün hüquqi əsas vermir və bir daha xatırladıb ki, münaqişə zamanı didərgin düşməyə məcbur qalmış Azərbaycan vətəndaşlarına münasibətdə Ermənistan öhdəlik daşıyır. Məhkəməyə əsasən, işğal olunmuş ərazilərdən didərgin düşmüş azərbaycanlı məcburi köçkünlərin torpaq hüquqlarının mənimsənilməsinə yönəlmiş Ermənistanın cəhdləri hüquq baxımından qanuni hesab oluna bilməz. Ermənistan tərəfindən azərbaycanlı məcburi köçkünlərin hüquqlarının pozulduğunu müəyyən edən Məhkəmə qərara gəlib ki, Ermənistan iddiaçılara münasibətdə Konvensiyadan irəli gələn hüquq pozuntularının aradan qaldırılması və müvəffəqiyyət əldə etmək perspektivi olan vasitələrlə təmin edilməsi üçün öhdəliklərini yerinə yetirməyib.
Eyni səbəblərə görə, Məhkəmə müəyyən edib ki, iddiaçıların Laçın rayonundakı mülkiyyət və evlərinindən istifadə edilməsinə imkan verilmədiyi ilə bağlı pozulmuş hüquqların bərpası üçün səmərəli vasitələr mövcud deyil: “Beləliklə, qənaətə gəlmək olar ki, Azərbaycana qarşı başlayan və bugünədək davam edən təcavüz və onun beynəlxalq səviyyədə tanınmış ərazilərinin (Dağlıq Qarabağ və ətraf ərazilər) hərbi işğalı, yüz minlərlə Azərbaycan vətəndaşlarının işğal olunmuş ərazilərdən qovulması və bu ərazilərdə öz evlərinə qayıdaraq mülkiyyətlərindən istifadəsinə imkan verməyən Ermənistan Respublikası baş vermiş və davam edən beynəlxalq hüququn pozulmasına görə tam beynəlxalq məsuliyyət daşıyır”.
Bəyanatda əlavə edilir ki, dövlətin üzərinə düşən məsuliyyətin və hazırkı iş üçün xüsusi əhəmiyyət kəsb edən əsas tələbi pozuntuların aradan qaldırılması, onların bir daha təkrarlanmayacağına dair müvafiq təminat və zəmanətin verilməsi, vurulmuş zərərin tam reparasiya olunmasından ibarətdir. Bununla əlaqədar ilk növbədə Ermənistan işğal etdiyi Azərbaycan ərazilərindən silahlı qüvvələrini dərhal, tamamilə və qeyd-şərtsiz çıxarmaq öhdəliyi daşıyır. Azərbaycanlı məcburi köçkünlərin geri qayıtlmaları üçün zəruri şərait yaradacaq bu öhdəliyin yerinə yetirilməsi heç bir halda güzəşt kimi nəzərdə tutula və ya təqdim oluna, üstəlik münaqişənin həlli prosesində alver vasitəsi kimi istifadə oluna bilməz. Sözügedən silahlı münaqişə ilə əlaqədar qəbul olunmuş BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrində təsdiq olunduğu kimi, güclə hədələmək və gücün tətbiqi ilə ərazilərin əldə edilməsi qanuni hesab oluna bilməz və bu, beynəlxalq hüququn əsas prinsiplərindən birinin tələbidir. Bu anlayış həmçinin fərdi hüquq və azadlıqlara tətbiq olunur, hansıların ki pozulması heç bir halda bu hüquqları pozan tərəfindən əvvəldən planlaşdırılmış nəticəyə gətirib çıxara və onun maraqlarına xidmət edə bilməz.
Eyni səbəbdən Məhkəmə müəyyən edib ki, Laçın rayonundan olan müraciətçilərin mülk və evlərinə girişinin imtina olunmasına münasibətdə münasib səmərəli vasitə mövcud deyildir: “Azərbaycan Respublikası bir daha xatırlatmağı məqsədəuyğun hesab edir ki, ümumi beynəlxalq hüququn imperativ normalarına aid öhdəliklərin pozulması yalnız Ermənistan üçün deyil, digər dövlətlər üçün də əlavə məsuliyyət doğurur ki, buraya da, inter alia, dövlətlərin bu cür pozuntuları qanuni yollarla aradan qaldırmaq üçün əməkdaşlıq etmək, ciddi pozuntu yolu ilə yaradılmış vəziyyəti qanuni tanımamaq və bu vəziyyətin saxlanmasına yardım göstərməmək kimi vəzifələri daxildir. Bu səbəbdən, beynəlxalq ictimaiyyətin işğalçı Ermənistan qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını və məcburi köçkünlərin təhlükəsiz və ləyaqətlə öz doğma yurd-yuvalarına qayıtmalarını tələb edən BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrinin icrasında təkid etmələri son dərəcə vacibdir”.
XİN-nin bəyanatinda bir daha vurğulanır ki, münaqişənin həlli yalnız Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində, suverenliyi və ərazi bütövlüyü çərçivəsində mümkündür. Azərbaycanın ərazi bütövlüyü heç bir zaman danışıqlar mövzusu olmayıb və olmayacaq. Azərbaycan bu mövqe əsasında münaqişənin nizamlanması prosesinə sadiq qalır. Ermənistan tərəfi bu reallıqla nə qədər tez barışsa, münaqişə də bir o qədər tez həll olunacaqdır və region ölkələri və insanları əməkdaşlıq və iqtisadi inkişafdan faydalanacaqlar.
/Trend/