Səfir: Biz öz ərazimizi təmizləmək siyasətini davam etdirəcəyik

“Heç bir təhdidlərdən qorxmuruq”…

“Heç bir təhdidlərdən qorxmuruq”.

Rusiya Federasiyası Minsk qrupunun həmsədri kimi Azərbaycanın ərazi bütövlüyünü tanıyır, və deməli, Dağlıq Qarabağ hazırda Ermənistan qoşunları tərəfindən işğal edilmiş Azərbaycan ərazisidir. Məhz bu məqamdan çıxış etmək lazımdır.

Oxu.Az xəbər verir ki, bu barədə Moskvada “Kommersant FM” radiosunun efirində Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu bildirib.

Aparıcının suallarını cavablandırmazdan əvvəl Azərbaycanın səfiri radiostansiyanın efirdə qondarma “Dağlıq Qarabağ Respublikası”nın nümayəndəsinə vaxt ayırmasından narazılığını bildirib.

“Helikopterdən danışmazdan əvvəl bir məqamı nəzərinizə çatdırmaq istəyirəm. Mən özüm tez-tez sizin radiostansiyanı dinləyirəm. Cümə axşamı, saat 10:40 radələrində böyük təəccüb hissi ilə eşitdim ki, siz efirə burada, Moskvada Dağlıq Qarabağın nümayəndəsini efirə çıxarırsız. Mən sizə demək istəyirəm ki, Rusiya XİN-nin sənədlərinə əsasən, Moskvada qondarma “Dağlıq Qarabağ Respublikası”nın heç bir nümayəndəliyi yoxdur”, – deyə, səfir bildirib.

Bülbüloğlu həmçinin Azərbaycan ordusunun vurduğu erməni helikopteri barədə sualı da cavablandırıb:

“Helikopterin vurulmasına gəlincə… Biz öz ərazi bütövlüyümüzü qoruyuruq və bütün mümkün vasitələr, o cümlədən hərbi yolla onu müdafiə edəcəyik. Azərbaycan bu barədə dəfələrlə bəyan edib və bu, heç kim üçün sirr deyil. Mən sizdən xahiş etmək istəyirəm ki, gələcəkdə öz redaksiya siyasətinizi dövlət siyasəti ilə uzlaşdırın, çünki Minsk qrupunun həmsədri kimi Rusiyanın dövlət siyasəti Dağlıq Qarabağın tanınmamasından ibarətdir.  

Məndə Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi notası var və orada deyilir ki, Rusiya Dağlıq Qarabağı tanımır, Dağlıq Qarabağın Rusiya ərazisində heç bir nümayəndəliyi yoxdur. Bunu yadınızda saxlayın. Helikopterə gəldikdə isə, Azərbaycan ərazisi üzərində uçmaq lazım deyildi.

Bura Azərbaycanın ərazisidir və bu məqam sonrakı bütün hüquqi hərəkətlər üçün istinad nöqtəsidir. Bizim kifayət qədər savadlı Silahlı Qüvvələrimiz var və biz, öz ərazi bütövlüyümüzü müdafiə edəcək, erməni işğalçı qoşunları Azərbaycan ərazisini tərk edənədək, təcavüzə qarşı hər bir üsulla mübarizə aparacağıq”.

Səfir həmçinin erməni təhdidləri barədə sualı da cavablandırıb:

“Biz heç bir təhdiddən qorxmuruq. Qoy, Ermənistan özünün bugünkü vəziyyətini düşünsün. Mən düşünürəm ki, onun hazırkı vəziyyətində kimisə təhdid etmək mümkün deyil. Biz öz torpağımızı təmizləmə siyasətini davam etdirəcəyik”.

Səfir həmçinin erməni tərəfinin helikopterin düşdüyü yerin Azərbaycan qoşunları tərəfindən atəşə tutulması, buna görə də, düşmənin öz pilotlarının cəsədlərini götürə bilməməsi barədə sualını da cavablandırıb:

“Mən Moskvadayam və bu gün nə baş verdiyini bilirəm. Azərbaycan çox qəzəblənib. XİN müvafiq bəyanat verib ki, digər dövlət Azərbaycan ərazisində hərbi təlimlər keçir. Siz bunu necə təsəvvür edirsiz? Siz necə təsəvvür edirsiz ki, hansısa helikopter Rusiya Federasiyasının sərhədlərini keçəcək? Rusiya Federasiyasının sərhəd qoşunları və ordusu necə hərəkət edəcək? Mən sovet vaxtı Koreya Boeing-i ilə bağlı hadisəni sizə xatırlada bilərəm. Hər bir dövlət öz sərhədlərini qoruyur. Bu, tamamilə təbiidir. Axı, bu sərnişin təyyarəsi deyil, hərbi helikopterdir. Nəyə görə hərbi helikopter orada uçmalıdır?”.

Bülbüloğlu həmçinin ATƏT-in cəbhədəki hazırkı vəziyyətlə bağlı son bəyanatını da şərh edib:

“ATƏT qoy Azərbaycanda bir milyon qaçqının olması faktından narahat olsun. Bu, ilk növbədə ATƏT-i narahat etməlidir. Onların (qaçqınların – red.) hüquqları pozulub. 200 minə yaxın azərbaycanlı Ermənistan ərazisindən qovulub. Qoy, ATƏT bununla məşğul olsun. Qoy, ondan narahat olsun ki, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi və Baş Assambleyanın erməni qoşunlarının işğal olunmuş torpaqlardan çıxarılması barədə qətnaməsinin olmasından narahat olsun. Qoy, ATƏT bütün bunlardan narahat olsun. Bu, daha düzgün olardı”.

www.oxu.az