Sərsəngin harayı dünyaya çatır

AŞPA-da bu problemlə bağlı məruzəçi təyin edilmişdir…

AŞPA-da bu problemlə bağlı məruzəçi təyin edilmişdir

Hər iki məruzəçi öz missiyasına görə Dağlıq Qarabağa səfərlər edəcək, qaldırılan problemlə yerindəcə tanış olacaq, Azərbaycan tərəfinin AŞPA-ya təqdim etdiyi məlumatları, faktları öyrənəcək və ağlagəlməz mənzərəni öz gözləri ilə görəcək, Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin törətdikləri vəhşiliklərin və illərlə bu regionda davam edən gərginliyin şahidi olacaq. AŞPA məruzəçiləri həm də 20 ildən çox Sərsəngin suyuna həsrət qalmış 6 rayonumuzda mülki əhali ilə, mütəxəssislərlə görüşüb söhbət edəcək, onlara təqdim ediləcək rəsmi sənədlərdəki faktların nə qədər həqiqətə uyğun olduğunu öz gözləri ilə görüb qiymətləndirəcəklər.

 Sərsəngə baxarkən onlar 20 ildən çox erməni işğalı altında qalan bu nəhəng dəryaçanın texniki qulluq göstərilməməsi və baxımsızlıq üzündən qəzalı vəziyyətə düşdüyünün şahidi olacaqlar. Bu böyük sututarın bugünkü durumunun Azərbaycan üçün real qorxu olduğunu, dağıntı və faciə törədəcəyi məruzəçinin diqqətindən kənarda qalmayacaq. Mütəxəssislər AŞPA məruzəçisinə məlumat verəcəklər ki, rayonlarımızın Sərsəng suyundan məhrum edilməsi bu regionun təbii relyefini tamamilə dəyişmiş, torpaqlar yararsız hala düşmüş, qrunt sularının səviyyəsi 100 metrdən çox aşağı enmişdir. Susuzluqdan respublikamızın kənd təsərrüfatına ciddi ziyan dəymiş, yaşıllıqlar quruyub məhv olmuş, bölgədə ekoloji gərginlik xeyli artmışdır.

Bu problemin yaratdığı gərgin vəziyyət və hər an baş verə biləcək ağlasığmaz fəlakətlərlə əlaqədar Azərbaycanda Vətəndas Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası il yarım bundan əvvəl dünyaya “Sərsəng harayı” salmağa başlamışdır. Layihənin rəhbəri AVCİYA-nın prezidenti, millət vəkili, AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Elxan Süleymanov dünya ictimaiyyətini və beynəlxalq təşkilatları məlumatlandırmaqla problemə dair konkret qərarlar, qətnamələr qəbul etdirmək üçün davamlı səylərlə, təkidlərlə mübarizəyə başlamışdır.

Ermənipərəst qüvvələrin, onlara himayədarlıq edən bəzi AŞPA rəhbərlərinin maneçilik göstərmələrinə, əsassız arqumentlər gətirmələrinə, Ermənistan nümayəndə heyəti üzvlərinin hər cür cəhdlərinə baxmayaraq, Azərbaycanın işğal altında qalmış strateji obyektinin beynəlxalq səviyyədə müzakirəyə çıxarılması və bu mühüm məsələyə dair məruzə hazırlanması barədə razılıq əldə edilmişdir. Bundan əlavə, Dağlıq Qarabağ və onun ətrafında yaranmış vəziyyətlə bağlı xüsusi məruzəçinin təyin edilməsi məqsədilə Elxan Süleymanovun təklifinə əsasən, qərarın qəbul edilməsi də uğurla nəticələnmişdir.

 AŞPA-da və onun büro iclasında müzakirəyə çıxarılan təkliflərin müəllifi Elxan Süleymanov bildirir ki, məruzəçiyə real sübutlar və sənədlər təqdim olunacaq, Azərbaycanın isğaldankənar cəbhəyanı rayonlarındakı acınacaqlı vəziyyət AŞPA ilə yanaşı, beynəlxalq ictimaiyyət üçün də məlum olacaq. Nəticədə, illərlə üzləşdiyimiz humanitar fəlakət təhlükəsi dünya ictimaiyyətinin və beynəlxalq təşkilatların diqqətindən kənarda qalmayacaq. Problemin həlli ilə əlaqədar məruzəçinin siyasi iradə göstərəcəyi təqdirdə Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı daha bir vacib sənədə imza atılmasına nail olacaq.

Xatırladaq ki, Azərbaycanın millət vəkili Elxan Süleymanovun AŞPA-da qaldırdığı iki mühüm problemin müzakirəsi zamanı Ermənistan nümayəndə heyətinin və onlara qəyyumluq edən antiazərbaycan qüvvələrin və bu beynəlxalq təşkilatın katibliyinin Sərsəng dəryaçası ilə əlaqədar məruzənin adının “Azərbaycanın sərhədyanı rayonları sakinlərinin qəsdən sudan məhrum edilməsi” kimi təsdiq edilməsinə qarşı çıxmaq üçün problemin mahiyyətindən tamamilə uzaq olan müxtəlif adlar uydurmaları, təklifləri, hər cür cəhdləri boşa çıxmışdır. Sual olunur: nə üçün ermənilər və onların tərəfdarları həm işğal, həm də Sərsəng dəryaçası ilə bağlı məruzəçilərin təsdiq edilməsinə qarşı çıxır və hətta məruzələrin artıq təsdiq edilmiş başlıqlarının dəyişdirilməsinə çalışırdılar?

 Bu məqama təkliflərin müəllifi Elxan Süleymanov belə aydınlıq gətirdi: “Ermənistan və onun qəyyumları bu bədnam dövlətin adının beynəlxalq aləmdə yenidən işğalçı kimi tanınmasını istəmirdilər, digər tərəfdən, həm Ermənistan tərəfi, həm də AŞPA-dakı ermənipərəst qüvvələr gözəl başa düşürdülər ki, hər 2 məruzə və onların başlıqları problemin mahiyyətini obyektiv əks etdirdiyi halda, hazırlanacaq və gələcəkdə müzakirələrə çıxarılacaq problemlər Ermənistanın digər üzv dövlət olan Azərbaycanın ərazilərini işğal etməsinin tam çılpaqlığı ilə etiraf edilməsi olacaq və yaranmış vəziyyətdə Ermənistana qarşı sanksiyaların tətbiq edilməsi ilə nəticələnəcək. Bunun qarşısını almaq üçün opponentlərimiz bütün vasitələrdən istifadə etməyə çalışırdılar. Onlar respublikamıza siyasi təzyiqlər göstərilməsi məqsədilə geniş kompaniyaya başlamaqla, Azərbaycan tərəfini mübarizədən çəkindirmək, son nəticədə Ermənistanı gələcək sanksiyalardan sığortalamaq və ərazilərimizin erməni işğalı kimi faktı unutdurmaq üçün hər cür cəhdlər göstərirdilər.”

Elxan Süleymanov sonda dedi ki, bu gün bizim üçün başlıca əhəmiyyəti olan bu mövzular ictimai formada tamamilə yenilənib. Ümidvarıq ki, digər beynəlxalq təşkilatlar da bu məsələlərlə məsğul olacaq və həmin mövzuları öz gündəliklərinə daxil edəcəklər. Bundan başqa, biz dünyaya bəyan etmişik ki, öz haqlı tələblərimizdən əl çəkən deyilik və ərazi bütövlüyümüzün bərpası üçün mübarizəni davam etdirəcəyik. Məruzələr qərəzli deyil, mövcud vəziyyəti obyektiv əks etdirərsə, bütün dünya 100 minlərlə məcburi köçkünümüzün başına gələnlərdən xəbərdar olacaq. Bu bir daha Qərb dünyasının gözünü açacaq və ermənilərin zaman-zaman söylədikləri arqumentlərin, yalanların və qonşusunun ərazisinin qanunsuz işğalını ört-basdır etmək üçün saxta bəhanələr gətirdiklərini görəcəklər.

Millət vəkilinin dediklərinə onu da əlavə edək ki, ABŞ kəsfiyyatı dünyanın üzləşdiyi qlobal problemlərin və təhdidlərin sırasına planetimizdə su qıtlığını da əlavə etmiş və buna görə gələcəkdə yeni müharibələrin başlaya biləcəyi barədə xəbərlər yaymışdır. Amerika xüsusi xidmət orqanı hesabatında su qıtlığını kütləvi qırğın silahlarının sürətlə yayılması, terrorçuluq, mühüm infrastruktur obyektlərinə kiberhücumlar kimi təhdidlərlə bərabərləşdirib. Amerika kəşfiyyatı indi su qıtlığından əziyyət çəkən bir sıra ölkələrin siyahısına Azərbaycanı da daxil edib. BMT-nin proqnozuna görə isə, 2018-ci ilə qədər dünyada su çatışmazlığından əziyyət çəkən ölkələr arasında Azərbaycan 37-ci yerdə olacaq.

Azərbaycan artıq 20 ildən çoxdur ki, su qıtlığı problemi ilə üzləşib. Ermənilər torpaqlarımızı işğal etdikləri üçün respublikamızın 6 rayonu neçə illərdir ki, su qıtlığından əziyyət çəkir. Sərsəng dəryaçasının erməni işğalı altında qalması nəticəsində sərhədyanı rayonlarımız olan Ağcabədi, Ağdam, Bərdə, Goranboy, Yevlax və Tərtərin 400 mindən çox əhalisi, və bu rayonların on min hektarlarla əkin sahələri, bağ və bostanları daim su qıtlığından əziyyət çəkməklə yanaşı, həm də ciddi humanitar, iqtisadi və ekoloji problemlə üz-üzə qalıb.

Bir sözlə, bu gün istər Sərsəng harayı, istərsə də ərazilərimizin işğalı ilə bağlı faktlar beynəlxalq təşkilatların sənədlərinə salınmaqla Avropa Şurası kimi nüfuzlu təşkilatı hərəkətə gətirməkdədir. 

 

Ənvər QAFARLI, AVCİYA-nın eksperti