“Bu, ağır andır”…
“Bu, ağır andır”.
Ermənistan prezidenti Serj Sarkisyan rusiyalı jurnalist Vladimir Poznerə verdiyi müsahibəsində Rusiyanın Azərbaycana silah satması problemini şərh edib.
“Biz dəfələrlə Vladimir Vladimiroviç Putin ilə bu mövzuda danışmışıq, biz bu barədə danışmaya bilməzdik. Məsələ bunda deyil… Biz bu gün döyüşqabiliyyətli orduya malikik, əslində isə belə bir orduya sahib olmaq üçün böyük vəsaitə ehtiyac var.
Bilirsiniz ki, Ermənistanın böyük vəsaiti yoxdur, amma döyüşqabiliyyətli ordusu var. Bu o cümlədən Ermənistanın müttəfiqləri sayəsindədir, Ermənistanın birinci strateji müttəfiqi isə Rusiyadır”, – “pozner” proqramında Sarkisyan deyib.
Verilişin audioyazısı pozneronline.ru saytında yerləşdirilib.
Erməni prezidentin sözlərinə görə, bu Rusiyanın Ermənistana hərbi-texniki yardım göstərdiyi və göstərəcəyi, təhlükə zamanı Ermənistanın yanında olacağı deməkdir.
Dövlət başçısının sözlərinə görə, erməni əsgəri ona atılan güllənin Rusiyadan alınan silahdan atıldığını bildikdə Rusiya silahının Azərbaycana satılması ermənilər üçün daha çox psixoloji xarakter daşıyır.
“Bu, ağır andır və mən əminəm ki, Rusiyanın baş qərargahında, Rusiya rəhbərliyində qüvvələrin tarazlığının pozulmasının nə ilə nəticələnəcəyini çox yaxşı təsəvvür edirlər.
Düşünürəm ki, düzgün hesablamalar aparılır və qərar qəbul edən rəhbərlər hər şeyi sona qədər hesablayıblar”, – Sarkisyan vurğulayıb.