Türkiyə ölkənin Hərbi Hava Qüvvələri (HHQ) üçün İspaniyadan ilk А-400М nəqliyyat təyyarəsini alıb…
Türkiyə ölkənin Hərbi Hava Qüvvələri (HHQ) üçün İspaniyadan ilk А-400М nəqliyyat təyyarəsini alıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Türkiyənin “Anadolu ” agentliyi xəbər yayıb.
Təyyarə ölkənin mərkəzindəki Kayseri-Erkilet aerodromunda yerə enib.
Ankara on belə təyyarə sifariş edib. Əvvəlcə Türkiyənin ilk təyyarəni hələ ötən ilin dekabrında alacağı ehtimal edilirdi.
А-400М dörd mühərrikli hərbi nəqliyyat təyyarəsi olub “Airbus Military ” şirkəti tərəfindən 7 Avropa ölkəsinin – Belçika, Böyük Britaniya, Almaniya, İspaniya, Lüksemburq, Türkiyə və Fransanın sifarişi ilə hazırlanır. Layihənin dəyəri təxminən 25 milyard avro təşkil edir.
Təyyarə helikopterlər, zirehli texnika və şəxsi heyət də daxil olmaqla, 3,3 min km məsafəyə 37 ton yük daşıya bilər. O, həmçinin havada yanacaq doldura bilir və enmə üçün hazırlanmamış meydançada yerə enə bilir.
İlk А-400М ötən ilin avqustunda Fransa HHQ tərəfindən alınıb. Bu gün fransız hərbçilərin sərəncamında iki belə təyyarə var.
/Trend/