“Rusiya ilə vəziyyət gərginləşib, burda da ABŞ maraqlıdır ki…”….
“Rusiya ilə vəziyyət gərginləşib, burda da ABŞ maraqlıdır ki…”.
ABŞ-da 1915-ci ildə Osmanlı imperiyasında baş verən hadisələrin 99-cu ildönümünə iki gün qalmış erməni lobbisi fəallaşıb. Qondarma erməni soyqırımı iddiasına qarşı Azərbaycan və Türkiyə diasporu da qüvvələrini birləşdirib.
Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, Azərbaycan və Türkiyə diasporları qondarma erməni soyqırımına qarşı birgə mübarizə aparacaqlar. Bu haqda məlumatı Türkiyənin “Cümhuriyyət” qəzeti yayıb.
Qəzetin məlumatına görə, bu haqda qərar baş nazir Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfər edərkən prezident İlham Əliyevlə apardığı danışıqlardan sonra verilib. Hər iki ölkə diasporları Amerika Birləşmiş Ştatlarında qondarma erməni soyqırımı ilə bağlı aparılan təbliğata qarşı da güclərini birləşdirəcəklərini bəyan ediblər. Ermənilər isə qondarma soyqırımın 100 illiyi ərəfəsində onun Türkiyə tərəfindən tanınması istiqamətində işlərini israrla davam etdirirlər.
Türkiyənin İsrail və Amerika Birləşmiş Ştatları ilə münasibətlərində də dəyişikliklərin olmasına baxmayaraq yerli politoloqlar qonşu ölkənin mövqeyinin zəifləməyəcəyi qənaətindədir.
Politoloq Rasim Musabəyovun sözlərinə görə, ortada Suriya məsələsi var ki, hansı ki, burda Türkiyəsiz nə isə etmək mümkün deyil:
“Rusiya ilə vəziyyət gərginləşib, burda da ABŞ maraqlıdır ki, Türkiyə ilə münasibətləri stabil saxlasın ki, NATO xəttinin aparıcısı olsun, nəinki özəl mövqe tutsun”.
Hazırda dünyanın 20 ölkəsi qondarma erməni soyqırımını tanıyıb. Fransada, hətta bir müddət qondarma soyqırımı tanımayan şəxslərə qarşı sərt cərimələr tətbiq olunacağı haqda qanun layihəsi müzakirəyə çıxarılmışdı.
Türkiyə tərəfi araşdırma üçün arxivləri tarixçilərin üzünə açaraq araşdırma aparılmasını təklif etsə də, qarşı tərəfdən buna hələ də müsbət cavab verilməyib. Ona görə də Türkiyə tərəfi qondarma soyqırımı tanıyan ölkələrin qəbul etdiyi qərarların tarixə deyil, bəzi siyasi faktorların təsirlərə söykəndiyini iddia edir.
/Oxu.az/