“Şəhərdə mümkün qədər maksimal izdiham yaradın”.
Yerli “Antimaydan” Odessa vilayətini “Odessa xalq respublikası” elan edərək, əhalini şəhər nəqliyyatının hərəkətinə mane olmağa çağırıb.
Oxu.Az xəbər verir ki, İnterfaks-ın istinadına görə, bu məlumat “Antimaydan” sosial səhifəsində və saytında dərc edilib. “Bu gündən Odessa vilayəti Odessa xalq respublikası elan edilib, hakimiyyət isə onun ərazisində yaşayan xalqa məxsusdur”, – bəyanatda deyilir.
Eləcə də antimaydançılar şəhər sakinlərini Odessada yol hərəkətinə maneə yaratmağa çağırıblar. Onlar “Yandeks” servisində xəritə yaradaraq, odessalıların yol hərəkətini dayandırmaq üçün yığışmasına çağırdıqları 153 məntəqə – piyada keçidləri göstəriblər.
“Saat 16-da Odessa qalxmalıdır. Sözün əsl mənasında! Sizin vəzifəniz xəritədə göstərilən yol qovşaqlarında toplaşaraq maşınlarınızla, piyadalar isə piyada keçidlərində toplaşaraq yolları bağlamaqdır. Şəhərdə mümkün qədər maksimal izdiham yaradın”, – çağırışda deyilib.
Bu zaman antimaydançılar, “təcili yardım” maşınlarından başqa, istənilən növ nəqliyyat üçün yolun kəsilməsini tələb edirlər.