Xankəndinin deputatı: “Demişik ki, ora gedənlər qara siyahıya düşəcəklər”

“Xarici ölkələrin nümayəndələrinin işğal olunmuş Azərbaycan ərazilərinə səfər etməsi birinci hal deyil”…

“Xarici ölkələrin nümayəndələrinin işğal olunmuş Azərbaycan ərazilərinə səfər etməsi birinci hal deyil”.

Bunu Modern. az-a açıqlamasında Xankəndindən olan deputat Flora Qasımova deyib.

O, xarici nümayəndələrin Dağlıq Qarabağa tez-tez səfər etmələrinin ermənilərin məqsədlərinə xidmət etməkləri kimi dəyərləndirib. “Dəfələrlə İngiltərənin, Rusiyanın, Fransanın, ATƏT-in Minsk qrupunun üzvü olan dövlətlərin nümayəndələri Dağlıq Qarabağa yollanıb. Biz dəfələrlə demişik ki, Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa gedən insanlar “qara siyahıya” düşəcək. Yəni onların Qarabağa getməsi qeyri-qanunidir. Onlar bir daha Azərbaycana viza ilə gələ bilməzlər. Ermənilərin böyük ümidi var ki, dünya Dağlıq Qarabağı müstəqil respublika kimi tanıyacaq. Bildiyiniz kimi, vaxtaşırı xarici deputatalar ora gedir. Biz isə onları arzuolunmaz şəxs elan edirik və siyahıya salırıq ki, onlar bir daha Azərbaycana buraxılmayacaq. Fransa Azərbaycanın ərazi bütövlüyünü tanıyan dövlətdir, Minsk qrupunun həmsədridir. Sadəcə, ermənilərin məqsədləri odur ki, guya dünya Dağlıq Qarabağı müstəqil bir dövlət kimi tanısın. Məqsəd ancaq odur”.

Qeyd edək ki, bu yaxınlarda fransalı deputatlar Ermənistan tərəfindən Azərbaycanın işğal edildiyi ərazilərə səfər ediblər. Separatçı rejimin rəhbərliyi Bako Saakyan parlamentin deputatı Fransua Roşbluanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüşdə qondarma rejimlə Fransa arasındakı əlaqələr, regional məsələlər müzakirə edilib.

 

/modern/