Xoşbəxtlik pulda deyil, onun nə qədər olmasındadır

Azərbaycanda xoşbəxt yaşamaq üçün nə qədər pul lazımdır?…

Azərbaycanda xoşbəxt yaşamaq üçün nə qədər pul lazımdır?

Azərbaycanlı ailənin rifahı üçün aylıq gəlir min manatdan iki min manata qədər olmalıdır. Müvafiq olaraq illik gəlir 12-24 min arası olur. Əgər hər bir adamdan ayrı-ayrılıqda danışsaq, aylıq gəlir minimum 400 manat olmalıdır. Məsələn, əgər ailədə 4 nəfər varsa, müvafiq olaraq aylıq gəlir 1600 manat edir.

Oxu.Az “Exo”-ya istinadən bildirir ki, bu haqda bəyanatı iqtisadiyyat sahəsi üzrə ekspert Oqtay Haqverdiyev verib.

Onun sözlərinə görə əgər ölkədə minimum əməkhaqqı nəzərə alınsa, o zaman iki uşaq olan ailələrdə bu məbləğ 436 manat edir.

“Bu məbləğlə bir ay yaşamaq olmaz, ən yaxşı halda sadəcə mövcud olacaqsan. Təbii ki, heç bir rifah haqqında da danışmaq olmaz. Ən azı min manat lazımdır, aylıq iki min manat gəlir isə daha yaxşı olardı”, – o qeyd edib.

Yeri gəlmişkən Azərbaycanda yaşayış üçün minimum məbləğ adambaşına 116 manat, əməkqabiliyyətli əhali üçün 125 manat, təqaüdçülər üçün 94 manat, uşaqlar üçün isə 93 manatdır. 

Haqverdiyevin sözlərinə görə, rəsmi məlumatları rəhbər tutsaq, ölkədə yoxsulluq səviyyəsi 5%-ə çatır. Amma real həyatda vəziyyət bir qədər fərqlidir. Hər şey yoxsulluğun hansı səviyyədən hesablanmağa başlanmasından asılıdır. 

“Məsələn, əgər yoxsulluğun həddini 100 manatdan götürsək, onda Azərbaycanda ümumiyyətlə, yoxsul olmadığını deyə bilərik. Əgər 200 manatdan hesablamağa başlasaq, o zaman ölkədə 20% yoxsul olacaq. Avropa standartlarına uyğun olaraq hər insana gündəlik 10 avro hesablasaq, bu aylıq 300 avro edir. Bizim ölkədə isə günə 4 manat düşür, bu məbləğə isə yaşamaq mümkün deyil. Belə hesablamalara görə bizim ölkənin əsas əhalisi yoxsul hesab edilir”, – deyə o qeyd edib.

“Exo”-da Davamlı İnkişafın Tədqiqi Mərkəzinin sədri Nəriman Ağayevin dediyi kimi, Azərbaycanda yaşayanların rifahı üçün aylıq gəlir 100, illik isə 12 000 manat olmalıdır. Bunun sayəsində onlar cari xərclərlə, uşaqlarının toyları və təhsili ilə məşğul ola bilərlər.

“Biz bir neçə ailədə müşahidə aparırıq və bu müşahidələrdən müvafiq olaraq nəticələr çıxarırıq. Amma bu məbləğ ailələrə aiddir, təqaüdçülərə gəldikdə isə onlara aylıq 300 manat da bəs edir”, – deyə o qeyd edib.

www.oxu.az