Yataqxana və pansionatlarda məskunlaşan məcburi köçkünlərin kommunal xərclərini dövlət ödəyəcək

Həmin məburi köçkünlərə 20 manat məbləğində aylıq müavinət veriləcək

Azərbaycan prezidenti İlham Əliyev “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” fərman verib.

APA-nın məlumatına görə, fərmana əsasən fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olmayan sıx müvəqqəti məskunlaşma yerlərində (keçmiş yataqxana, müalicə pansionatları və digər binalarda) faktiki yaşayan məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin (fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər istisna olmaqla) onlar fərdi qaydada sayğacların quraşdırılması və texniki istismarı mümkün olan yeni yaşayış sahələrinə köçürülənədək istifadə etdikləri təbii qaz, elektrik enerjisi, su və məişət tullantılarının daşınmasına görə haqların 2017-ci il 1 yanvar tarixinədək məcburi köçkünlər üçün müəyyən edilmiş normalar həddində dövlət hesabına mərkəzləşmiş qaydada ödənilməsi təmin olunacaq.

Fərdi qaydada təbii qazla təmin olunmayan sıx müvəqqəti məskunlaşma yerlərində faktiki yaşayan məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər tərəfindən istehlak olunan elektrik enerjisinə görə haqlar həmin sahələr qazlaşdırılanadək Nazirlər Kabinetinin müəyyən etdiyi limitə uyğun olaraq 2017-ci il 1 fevral tarixindən dövlət hesabına mərkəzləşmiş qaydada birbaşa kommunal xidmət təşkilatına ödəniləcək. Eyni zamanda həmin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün nəzərdə tutulmuş vahid aylıq müavinətin məbləği 2017-ci il 1 fevral tarixdən 20 manat məbləğində müəyyən edilib.

Apa.az