Yunanıstanda miqrantların düşərgəsi koronavirusa görə karantinə alınıb

Yunanıstanda miqrantların qaldığı düşərgə koronavirusa görə karantinə alınıb.

APA-nın «Reuters»ə istinadən verdiyi xəbərə görə, bu barədə Yunanıstanın Miqrasiya Nazirliyi bildirib.

Nazirliyin məlumatına görə, düşərgədə yaşayan 19 yaşlı qadın Afina hospitalında uşaq dünyaya gətirən zaman onun COVID-19 virusunun daşıyıcısı olduğu məlum olub.

Bundan sonra həmin qadının qaldığı düşərgədə 63 nəfər yoxlamadan keçirilib və onlardan 20 nəfərin nəticəsi müsbət çıxıb.

Qeyd olunub ki, virusa yoluxmuş şəxslərin heç birində simptomlar özünü büruzə verməyib.  Koronavirus testlərinin davam etdiriləcəyi bildirilib.

Nazirlik paytaxt Afinadan 75 kilometr şimal-şərqdə yerləşən 2500 miqrantın  qaldığı Ritsona düşərgəsinin karantinə alındığını, giriş və çıxışların 14 gün müddətində məhdudlaşdırıldığını açıqlayıb. 

Qeyd edək ki, Yunanıstanda 1400-də çox virusa yoluxma faktı qeydə alınıb, 50 nəfər vəfat edib. 

APA