Zakir Həsənov: Biz şəhidlərimizin intiqamını tezliklə alacaq, torpaqlarımızı işğaldan azad edəcəyik

Biz Ali Baş Komandanımızın rəhbərliyi ilə şəhidlərimizin intiqamını tezliklə alacaq, torpaqlarımızı işğaldan azad edəcəyik…

Trend xəbər verir ki, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov Bakıda Cəmşid Naxçıvanski adına Hərbi Liseydə “Cəmşid Naxçıvanski adına Hərbi Lisey Günü ” münasibətilə keçirilən təntənəli mərasimdə bildirib.

Z.Həsənovun sözlərinə görə, müasair müstəqil Azərbaycan Respublikası Ulu öndərimizin şah əsəridir. Əbədiyaşar Ali Baş Komandanımız mütəşəkkil Azərbaycan Ordusunun memarı və qurucusudur. Bu gün təntənəsinə toplaşdığımız hərbi lisey isə dahi rəhbərimizin möhtəşəm yadigarlarındandır: “Ölkəmiz Ermənistan silahlı qüvvələrinin hücumlarına məruz qalanda, düşmən torpaq iddiaları ilə Qarabağa hücum çəkəndə Vətənin çağırışna ilk olaraq Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yetirmələri gəldilər. Onlarla zabitimiz Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid oldu, öz sağlamlıqlarını itirdi. Mən bu gün şəhidlərimizin əziz xatirəsi önündə ehtiramla baş əyir və böyük inam hissi ilə bəyan edirəm ki, Heydər Əliyevin siyasi, iqtisadi, sosail-mədəni siyasətini uğurla davam etdirən, prezident kimi fəaliyyətinin əsas prioriteti ordu quruculuğu olan Ali Baş Komandanımızın rəhbərliyi ilə biz şəhidlərimizin intiqamını tezliklə alacaq, torpaqlarımızı işğaldan azad edəcəyik “.

Müdafiə naziri qeyd edib ki, bir neçə gündür ki, Naxçıvan Muxtar Respublikasında irimiqyaslı hərbi təlimlər keçirilirdi. Neçə illərdir ki, blokada şəraitində yaşayan Naxçıvan dinamik sürətlə inkişaf edir və etibarla qorunur. Digər bölgələrimizdə olduğu kimi bu qədim və yeniləşən diyarda da hərbi strukturlarımız gündən-günə güclənir, qüdrətlənir, şəxsi heyətdə böyük ruh yüksəkliyi var, ordu ilə xalqın birliyi istənilən təcavüzün qarşısını almağa, döyüş tapşırığını yerinə yetirməyə bizə imkan verir: “Azərbaycan Prezidenti İlham Əliyevi və xalqımızı əmin edirəm ki, Silahlı Qüvvələrimizin şəxsi heyəti bundan sonra da Heydər Əliyev ideyalarına sadiq qalaraq Ali Baş Komandanın əmrlərinə hər an hazır olacaqdır “.

Mərasim çərçivəsində Hərbi Liseyin 1971-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən yaradıldığını bildirən xatirə löhvəsinin açılışı olub.

Tədbirdə müdafiə naziri Zakir Həsənovun əmri ilə bir qrup hərbi qulluqçu və müəllim heyəti fəxri fərmanla və qiymətli hədiyyələrlə təltif edilib.

Sonra tədbir bədii hissə ilə davam etdirilib.

Qeyd edək ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov aprelin 18-də Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin Cəmşid Naxçıvanski adına Hərbi Liseyin səxsi heyəti ilə görüşdüyü və təhsil müəssisəsinə Bayraq təqdim etdiyi 19 aprel gününün tarixi əhəmiyyətini nəzərə alaraq həmin gün “Cəmşid Naxçıvanski adına Hərbi Lisey Günü ” kimi qeyd edilməsi haqqında əmr imzalayıb.

Müdafiə nazirinin digər əmrinə əsasən Hərbi Liseyin ilk buraxılışının 40 illik yubileyinin keçirilməsinin təşkili üzrə Təşkilat Komitəsi yaradılıb, ildönümü ilə əlaqədar tədbirlər planı hazırlanıb və təsdiq edilib.

 

/Oxu.az/