Nazir əminliyini ifadə edib…
Nazir əminliyini ifadə edib.
Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun başçılıq etdiyi nümayəndə heyəti Pakistan prezidenti Məmnun Hüseyn (Mamnoon Hussain) tərəfindən qəbul edilib.
Oxu.Az xəbər verir ki, APA-nın Pakistan prezidentinin rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşdə Pakistanın Azərbaycanla münasibətlərə yüksək əhəmiyyət verdiyini bildirən M.Hüseyn iki ölkə arasında müdafiə, iqtisadiyyat və ticarət əlaqələrinin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
Prezident Dağlıq Qarabağ məsələsində Pakistanın Azərbaycana davamlı dəstək göstərəcəyini vurğulayıb. O, həmçinin Kəşmir məsələsində BMT-nin qətnamələri və kəşmirlilərin istəklərinə uyğun olaraq məsələnin sülh yolu ilə həlli istiqamətində Pakistan mövqeyinin Azərbaycan tərəfindən dəstəklənməsini yüksək qiymətləndirib.
M.Hüseyn Pakistanın Silahlı Qüvvələrinin Təlim Təşkilatlarında Azərbaycan hərbçilərinə təmənnasız və keyfiyyətli təlimlərin keçirilməsi barədə əldə olunmuş razılaşmanı təqdir edib.
O, prezident İlham Əliyevdən Pakistanın TRACECA-ya üzvlüyü üçün Azərbaycanın dəstəyini istədiyini bildirib.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov görüş üçün Pakistan dövlət başçısına minnətdarlığını bildirib. Nazir iki ölkə arasında müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.
Qeyd edək ki, Azərbaycan nümayəndə heyətində Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Ramiz Tahirov və Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov da təmsil olunub.