Ziya Məmmədov Koreya şirkətinin nümayəndələrini qəbul etdi

Nəqliyyat-yol kompleksi sahəsində əməkdaşlıq məsələləri müzakirə edildi…

Nəqliyyat-yol kompleksi sahəsində əməkdaşlıq məsələləri müzakirə edildi.

Noyabrın 12-də Azərbaycanın Nəqliyyat Nazirliyində Koreya Respublikasının “Halla Group” şirkətinin sahibi və sədri Çunq Monq Vonun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Oxu.Az xəbər verir ki, qonaqları qəbul edən Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov son illər ərzində Azərbaycanın inkişafından, həyata keçirilən islahatlardan, beynəlxalq inteqrasiyada əldə edilən nailiyyətlərlərdən danışıb.

Azərbaycan iqtisadiyyatının prioritet sahələrindən biri olan nəqliyyat sektorunda görülmüş işlər və həyata keçirilən layihələr barədə ətraflı məlumat verən Z.Məmmədov bu istiqamətdə Koreya şirkətlərinin də iştirakını vurğulayaraq qarşılıqlı əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruri olduğunu qeyd edib.

Öz növbəsində Koreya nümayəndə heyətinin rəhbəri də son illər Azərbaycan və Koreya arasında bir çox sahələrdə, eləcə də nəqliyyat-yol kompleksi üzrə əməkdaşlığın inkişaf etməsindən məmnunluğunu bildirib.

Təmsil etdiyi şirkətin tikinti, dəmir və avtomobil yolları, avtomobil ehtiyat hissələrinin istehsalı sahəsində ixtisaslaşdığını bildirən Çunq Monq Von bu sahədə təkliflərini də diqqətə çatdırıb.

Görüşdə “Halla Corporation” şirkətinin prezidenti Çoi Byunq Su və Koreya Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Çoi Suk-in də iştirak edib.

 

/Oxu.az/