Hazırda Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində həyata keçirilən əməliyyatlarda Azərbaycan Silahlı Qüvvələrinin 94 nəfərlik hərbi kontingenti iştirak edir…
Hazırda Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində həyata keçirilən əməliyyatlarda Azərbaycan Silahlı Qüvvələrinin 94 nəfərlik hərbi kontingenti iştirak edir. Bu barədə Trend-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata əsasən, Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı hərbi kontingenti hazırda orada xidmətini davam etdirir və şəxsi heyətinin tərkibi 6 aylıq rotasiya planına uyğun olaraq qruplarla dəyişdirilir.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin 22 nəfərlik sülhməramlı tağımı 20 noyabr 2002-ci il tarixdən Əfqanıstanda İSAF tərkibində fəaliyyət göstərməyə başlayıb. Daha sonra, 2008-ci il yanvarın 15-də onları sayı artıraraq bölük səviyyəsinə çatdırılıb. 2009-cu il oktyabrın 2-də isə Milli Məclis sülhməramlı kontingentimizin 2 dəfə artırılması barədə qərar qəbul edib və onların sayı 90 nəfərə çatdırılıb. 2010-cu il oktyabrın 5-də isə NATO-nun Əfqanıstanda keçirdiyi İSAF üzrə əməliyyatlarında ölkəmizin Sülhməramlı Qüvvələrinin töhfəsinin artırılması məqsədilə ora əlavə olaraq 2 hərbi həkim və 2 mühəndis-istehkam ixtisası üzrə zabit göndərilib.
Əlavə edək ki, sülhməramlılarımız Əfqanıstandakı fəaliyyətini 2009-cu il fevralın 19-dan etibarən Türkiyə taboru tərkibində davam etdirir. Bölüyün şəxsi heyəti Kabil şəhərində yerləşən televiziya qülləsini, İSAF-ın mərkəzi silah-sursat anbarının təhlükəsizliyini qoruyur və patrul xidmətini həyata keçirir.
/Trend/