“Ermənilərin Cənubi Qafqazda yeritdikləri təcavüz siyasətinə ağıl və intellektlə yanaşmaq lazımdır”…
“Ermənilərin Cənubi Qafqazda yeritdikləri təcavüz siyasətinə ağıl və intellektlə yanaşmaq lazımdır”.
Biz dövlət başçısının Azərbaycan vətəndaşları, ziyalıları, ictimaiyyəti qarşısında qoyduğu və dəfələrlə vurğuladığı missiyanı – hücum diplomatiyasını yaddan çıxarmamalı, təcavüzkar Ermənistanın bütün dünyada ifşa olunmasına nail olmalıyıq.
Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, bunu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənov Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin birgə təsis etdikləri Qarabağ Araşdırmalar Mərkəzində “Münaqişəsinin nizama salınması istiqamətində aparılan danışıqlar prosesində Azərbaycan dövlətinin mövqeyi” mövzusunda oxuduğu mühazirəsində deyib. Məlumatı “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi yayıb.
PA rəsmisi münaqişənin nizama salınması prosesində Ermənistanın təcavüzkar siyasətindən, qeyri-konstruktiv mövqeyindən danışaraq Azərbaycanın apardığı diplomatik səylərini, son vaxtlar dövlətimizin hücum diplomatiyasına üstünlük verdiyini qeyd edib.
Ə.Həsənov eyni zamanda dinləyicilərin nəzərinə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyev bu işğal, etnik təmizləmə siyasəti və ərazilərimizin müvəqqəti olaraq itirilməsi ilə heç vaxt barışmayacağını bildirməklə yanaşı, öz torpaqlarımızı azad etmək üçün tam əsasımızın olduğunu və bunun beynəlxalq hüquq normaları ilə təsdiq edildiyini vurğulayıb:
“Bu səbəbdən biz Dağlıq Qarabağ uğrunda Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin yürütdüyü böyük siyasətə dəstək verməliyik. Ermənilərin Cənubi Qafqazda yeritdikləri təcavüz siyasətinə ağıl və intellektlə yanaşmaq lazımdır. Eyni zamanda, biz həm də güclü olmalıyıq. İqtisadi güc Azərbaycanın qurtuluş missiyasının əsasını təşkil edir”.
Qeyd edək ki, aprelin 11-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin birgə təsis etdikləri Qarabağ Araşdırmalar Mərkəzində ali məktəb tələbələri üçün “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: tarixi kökləri, mərhələləri və həlli perspektivləri” proqramı üzrə növbəti qısamüddətli kurslara yekun vurulub.
Aprelin 1-dən 11-dək davam edən kursların budəfəki dinləyiciləri Bakı Slavyan Universitetinin tələbələri olublar.
Kurslarda “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, Dövlət İdarəçilik Akademiyasının dosenti Elçin Əhmədov “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin tarixi kökləri və mərhələləri”, AMEA Tarix İnstitutunun professoru, tarix elmləri doktoru Kərim Şükürov “Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi və onun nəticələri”, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının şöbə müdiri, AMEA Tarix İnstitutunun Qarabağ şöbəsinin böyük elmi işçisi Nazim Mustafa “XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı təcavüzü (1905-1906)”; tarix elmləri doktoru, professor Solmaz Toqidi-Rüstəmova “Azərbaycanlıların soyqırımı (1918-1920-ci illər); Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Tarix” kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları (1918-1923-cü illər)”; Tarix elmləri doktoru, professor, millət vəkili Musa Qasımlı “Sovet dövründə Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti və onun nəticələri (1945-1985)”; “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin üzvü, Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov “Ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə və soyrırım siyasəti.
Qaradağlı soyqırımı”; “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin üzvü, Milli Məslisinin deputatı Elman Məmmədov “Ermənistanın Azərbaycana təcavüzünün genişlənməsi. Xocalı soyqırımı”; Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri Elçin Əhmədov “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: beynəlxalq təşkilatlar və böyük dövlətlərin mövqeyi” mövzularında proqram üzrə mühazirələr oxuyublar.
Kursların sonunda dinləyicilərə müvafiq sertifikatlar təqdim edilib.