Əcnəbilərin Azərbaycandan çıxarılması qaydaları sərtləşdirilir

Azərbaycanda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması qaydaları sərtləşdirilir.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu barədə məsələ Azərbaycan Miqrasiya Məcəlləsinə təklif olunan dəyişikliklərdə öz əksini tapıb.

Məcəllənin 80.2 maddəsinə təklif edilən dəyişikliyə əsasən, əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının ərazisini tərk etməkdən boyun qaçırdıqda və ya belə boyun qaçırmanı ehtimal etməyə kifayət qədər əsaslar olduqda, onlar müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında məhkəmənin qərarı ilə bu Məcəllədə müəyyən edilmiş qaydada və müddətdə müvafiq icra hakimiyyəti orqanının qanunsuz miqrantların saxlanması mərkəzlərində yerləşdirilir.

Movcud qanunvericilikdə isə tələb daha yumşaq formada qoyulur. Yəni mövcud qanunvericilikdə eyni maddədə göstərilir ki, Azərbaycan Respublikasının ərazisini tərk etməkdən boyun qaçıran əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər müvafiq icra hakimiyyəti orqanının müraciəti əsasında məhkəmənin qərarına əsasən tutulur və Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılanadək qanunla müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanının qanunsuz miqrantların saxlanması mərkəzinə yerləşdirilir.

Yəni yeni təklif edilən dəyişikliklərdə yalnız konkret olaraq boyun qaçırma zamanı deyil, eyni zamanda boyun qaçırmanı ehtimal etməyə kifayət qədər əsaslar olduqda əcnəbilər və vətəndaşlığı olmayan şəxslər saxlanılır.

Qeyd edək ki, dəyişikliklər Milli Məclisin dekabrın 16-da keçiriləcək növbəti plenar iclasının müzakirəsinə tövsiyə edilib.

/Publika/