Əhalinin gəlirləri artıb

Milli Məclisdə ötən ilin büdcəsinin icrasına dair hesabat verildi…

Milli Məclisdə ötən ilin büdcəsinin icrasına dair hesabat verildi.

Milli Məclisin İqtisadi siyasət komitəsinin növbəti iclası keçirilib.

Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, iclasda 2013-cü il dövlət büdcəsinin icrasına dair hesabatla çıxış edən maliyyə nazirinin müavini Azər Bayramovun bildirdiyinə görə, hesabat ili ərzində ölkənin valyuta ehtiyatları 9% artaraq 50 mlrd. ABŞ dollarını ötüb, bu isə dövlətin xarici borcundan təqribən 9 dəfə çoxdur. Ötən ilin yekunlarına görə ölkə əhalisinin gəlirləri əvvəlki illə müqayisədə 8% artaraq 37,6 mlrd. manata çatıb.

İqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova isə bildirib ki, Azərbaycanda 2014-cü ildə və sonrakı üç ildə sosial-iqtisadi inkişaf proqnozlarının uğurla reallaşdırılması üçün kifayət qədər əsaslar qoyulub. 

Onun sözlərinə görə, ÜDM-də iqtisadiyyatın qeyri-neft sektorunun xüsusi çəkisi 2014-cü ildəki 61,5%-dən 2017-ci ildə 72,4% təşkil edəcək. Gözlənildiyinə görə, 2015-ci ildə ÜDM-də qeyri-neft sektorunun payı 68%, 2016-cı ildə isə 71% təşkil edəcək.

Büdcənin icrası ilə bağlı danışan millət vəkili Vahid Əhmədov isə iradlarını bildirib.

www.oxu.az