Əhməd Davudoğlu: Türkiyənin başsağlığı Ermənistana yox, ermənilərə ünvanlanıb

Türkiyənin başsağlığı Ermənistana yox, ermənilərə ünvanlanıb…

Türkiyənin başsağlığı Ermənistana yox, ermənilərə ünvanlanıb. Trend-in “TRT Haber ” telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib.

XİN rəhbərinin sözlərinə görə, Türkiyənin bu tarixi addımı ermənilərə ünvanlanıb.

O, həmçinin bu tarixi addımın Ermənistan-Türkiyə münasibətlərinin gələcək inkişafına yardım edəcəyinə ümid etdiyini bildirib.

Xatırladaq ki, bundan əvvəl Türkiyə Nazirlər Kabineti 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb. Sülh mesajında tarixdə baş vermiş hadisələrin əsiri olmamağın və ortaq gələcəyin qurulması üçün zəmin yaratmağın vacibliyi bildirilib. Mesajda 1915-ci il hadisələrinin sadəcə ermənilər üçün deyil, eyni zamanda, ölkədə yaşayan ərəblər, kürdlər və digər etnik millətlər üçün ağır bir dövr olduğu bildirilir: “Lakin 1915-ci il hadisələrindən siyasi təzyiq aləti kimi Türkiyə əleyhinə istifadə edilməsi qeyri-mümkündür. 1915-ci il hadisələri hamımızın ortaq acısıdır “.

Yayımlanan mesajda o da qeyd olunur ki, Türkiyə 1915-ci il hadisələrinin araşdırılması üçün ortaq tarixi komissiyanın yaradılmasını dəstəkləyir və 1915-ci il hadisələrində ölən vətəndaşların, o cümlədən ermənilərin ailə üzvlərinə Türkiyə adından başsağlığı verilir.

Qeyd edək ki, Ermənistan hər il aprelin 24-də qondarma “erməni soyqırımı “nı qeyd edir. Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı İmperiyası 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri qondarma “soyqırım “ı tanıyıblar.

 

/trend/