10 mindən çox yeni iş yeri açılacaq

Layihə üzrə tikinti-inşaat və quraşdırma işlərinin əksər hissəsi Azərbaycanda icra olunacaq…

Layihə üzrə tikinti-inşaat və quraşdırma işlərinin əksər hissəsi Azərbaycanda icra olunacaq.

“Şahdəniz-2” layihəsi çərçivəsində sualtı tikinti işlərinin həyata keçirilməsi üçün yeni, çoxprofilli unikal gəmi inşa ediləcək.

Oxu.Az APA-Economics-ə istinadən xəbər verir ki, bu barədə SOCAR prezidenti Rövnəq Abdullayevin “Heydər Əliyev və yeni cəmiyyət modeli” konfransı üçün təqdim etdiyi məruzədə qeyd olunub.

R.Abdullayev bildirib ki, həmin gəminin Bakıda ötən il istifadəyə verilmiş yeni Gəmiqayırma Zavodunda tikilməsi planlaşdırılır.

SOCAR prezidentinin sözlərinə görə, “Şahdəniz-2” layihəsinin iqtisadi əhəmiyyətindən biri də odur ki, layihə üzrə tikinti-inşaat və quraşdırma işlərinin əksər hissəsi Azərbaycanda icra olunacaq. Platforma və sualtı qurğuların inşası üçün Bakıdakı tikinti-quraşdırma sahələrinin texniki və texnoloji imkanları artırılacaq, sualtı əməliyyatların həyata keçirilməsinə xidmət edən bir neçə gəminin texniki və funksional imkanı təkmilləşdiriləcək.

R.Abdullayev bildirib ki, ən mühüm məsələ isə ondan ibarətdir ki, “Şahdəniz-2” və Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi layihələri Azərbaycanda təxminən 10 mindən artıq yeni iş yerinin açılmasına səbəb olacaq.

www.oxu.az