31 Mart soyqırımı ilə əlaqədar Almaniyada aksiya keçirilib

Berlin Azərbaycan Evi, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi, Alman-Azərbaycan Gənclər Assosiasiyası 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Berlində Brandenburq darvazası önündə etiraz nümayişi keçirib…

Berlin Azərbaycan Evi, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzi, Alman-Azərbaycan Gənclər Assosiasiyası 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Berlində Brandenburq darvazası önündə etiraz nümayişi keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, aksiya iştirakçıları erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdiyi cinayətləri əks etdirən vərəqələr yaymaqla, plakatlar və şüarlarla alman ictimaiyyətinin, eləcə də turistlərin diqqətini bu qanlı hadisələrə cəlb etməyə çalışıblar. Aksiyaçılar yerli sakinlərlə tək-tək söhbət edərək bu faciənin tarixindən bəhs ediblər.

Avropa Azərbaycanlıları Konqresi (AAK) isə 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Avropa Parlamentinin İnsan Hüquqları Komitəsinə, Parlamentin üzvlərinə, Almaniyanın və digər Avropa ölkələrinin müxtəlif ictimai-siyasi qurumlarına, dövlət və qeyri-dövlət təşkilatlarına mətbuat açıqlaması göndərib.

Alman və ingilis dilində hazırlanmış açıqlamada 1918-ci ilin mart-aprel aylarında erməni millətçilərinin Azərbaycan xalqına qarşı törətdiyi soyqırım, etnik təmizləmə siyasəti haqqında ətraflı məlumat verilir və aradan 96 il keçməsinə baxmayaraq, bu cinayətlərə hələ də hüquqi qiymətin verilmədiyi vurğulanır. Sənəddə erməni millətçilərinin cəzasızlıqdan ruhlanaraq Azərbaycan xalqına qarşı yeni kütləvi qırğınlar törətdiyi, 1992-ci ildə isə Xocalı soyqırımını həyata keçirdiyi diqqətə çatdırılır.

AAK beynəlxalq terrora qarşı mübarizəni qarşısına məqsəd qoymuş dünya ictimaiyyətindən Azərbaycan xalqına qarşı bu gün də davam edən zorakılıqlara obyektiv siyas-hüquqi qiymət verməyi tələb edir, həmçinin nüfuzlu beynəlxalq təşkilatları Azərbaycanın haqq mövqeyini dəstəkləməyə, qondarma erməni soyqırımını dövlət siyasətinin tərkib hissəsinə çevirən Ermənistan dövlətinə sanksiyalar tətbiq etməyə, Azərbaycanın ərazi bütövlüyünün, qaçqın və məcburi köçkünlərin kütləvi şəkildə pozulmuş hüquqlarının bərpa edilməsinə biganə yanaşmamağa çağırır və Azərbaycan torpaqlarında sülhün bərqərar olunmasında dünya ictimaiyyətinin böyük səy göstərəcəyinə ümid etdiyini vurğulayır.

 

/trend/