Azərbaycan vətəndaşlığına qəbul edilmiş şəxslərin andiçmə mərasimi olub
27 sentyabr 2019-cu ildə ölkə Prezidenti cənab İlham Əliyevin 355 nəfərin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul və bərpa edilməsi haqqında imzaladığı sərəncamın icrası olaraq, Dövlət Miqrasiya Xidmətində (DMX) həmin şəxslərin təntənəli andiçmə mərasimi keçirilib. Sərəncama əsasən 338 nəfər vətəndaşlığa qəbul olunub, 17 nəfərin isə vətəndaşlığı bərpa edilib.
Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Vüsal Hüseynov tədbir iştirakçılarını salamlayaraq əlamətdar gün münasibətilə onları təbrik edib. Bildirib ki, vətəndaşlıq alan şəxslərin hər biri Azərbaycanla sıx bağlı olan, bu torpağı sevən insanlardır.
Xidmət rəisi, həmçinin Azərbaycan vətəndaşı olmağın üstünlüklərindən bəhs edib. Qeyd edib ki, bundan sonra vətəndaşlıq hüququ əldə edənlərin hər biri dövlətin bütün imkanlarından yararlana, seçkili orqanlarda iştirak edə biləcəklər. Onların iş imkanları daha da genişlənəcək. Prezident İlham Əliyevin sərəncamlarına əsasən, sosial, iqtisadi, siyasi, mədəni, bir sözlə, bütün sahələrdə dinamik inkişaf vətəndaşların həyatında özünü aydın büruzə verir. Məhz bu səbəbdən Azərbaycanın tam hüquqlu vətəndaşı olmaq həqiqətən də böyük fəxr və xoşbəxtlikdir.
Sonra vətəndaşlığa qəbul olunan 355 nəfər təntənəli şəkildə Azərbaycanın Dövlət Bayrağı önündə Konstitusiyaya əl basaraq, dövlət dilində ölkəmizə sadiq olacaqları barədə and içiblər.
Tədbir dövlət himninin səsləndirilməsi ilə yekunlaşıb.
Dövlət Miqrasiya Xidməti