“Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi 31 mart -Azərbaycanlıların soyqırımı günü ilə əlaqədar müraciət yaymışdır. Müraciətdə deyilir ki, XIX əsrdən başlayaraq, İran və Türkiyədən Qafqaza köçürülmüş, Azərbaycan ərazilərində Ermənistan adlı dövlət yaratmağa nail olmuş və bununla kifayətlənməyərək özgə torpaqları hesabına həmin dövləti “Böyük Ermənistana” çevirmək üçün hər vasitədən, hətta azərbaycanlılara qarşı soyqırımı həyata keçirməkdən belə çəkinməyən ermənilər məqsədlərinə çatmaq üçün zaman-zaman qeyri-bəşəri, vandalizm siyasət həyata keçirmişlər.
Bu siyasətin bir hissəsi kimi 1905-ci ildə Azərbaycanın müxtəlif bölgələrində minlərlə azərbaycanlı qətlə yetirilmiş, çoxsaylı yaşayış məntəqələri viran qoyulmuşdur. Azərbaycanlılara qarşı soyqırımı kampaniyası 1918–1920-ci illərdə özünün kulminasiya nöqtəsinə çatmışdır. Həmin illər ərzində Azərbaycanın saysız-hesabsız yaşayış məntəqəsi yerlə-yeksan edilmiş, yerli əhali son dərəcə qəddarlıqla məhv edilmişdir. Erməni vəhşiliyi Bakıda, Şamaxıda, Qubada, Zəngəzurda, Naxçıvanda, Qarabağda daha qəddarlıqla həyata keçirilmişdir. 1918-ci ilin mart soyqırımı zamanı təkcə Bakıda 30 mindən artıq, digər bölgələrdə isə on minlərlə azərbaycanlı erməni vəhşiliyinin qurbanı olmuşdur. Ötən il Qubada aşkar olunmuş kütləvi insan məzarlığı bir daha bunu təsdiqləyir.
Ermənilərin azərbaycanlılara qarşı düşmən münasibəti sonrakı illərdə də davam etmişdir. 1948–1953-cü illərdə ermənilər sonradan Ermənistan adlandırılmış Qərbi Azərbaycanda yaşayan azərbaycanlıları dəhşətli qətllərlə müşayiət olunan deportasiyaya məruz qoymuşlar.
Ermənilərin özgə torpaqlarını mənimsəmək ehtirasları, həmçinin türklərə, xüsusən də azərbaycanlılara qarşı tükənməyən kin və nifrət hissi XX əsrin sonlarında yenidən özünü göstərmiş və böyük faciələrə səbəb olmuşdur. Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın Ermənistanın tərkibinə qatmaq iddiası ilə başlanmış “erməni hərəkatı” sonda qanlı-qadalı müharibəyə çevrilmişdir ki, bu da Azərbaycan ərazisinin 20 faizinin işğalına, yüzlərlə yaşayış məntəqəsinin yerlə-yeksan olunmasına, 20 mindən çox vətəndaşının şəhid olmasına, 1 milyondan çox insanın qaçqın və məcburi köçkünə çevrilməsinə, işğal olunmuş ərazilərimizdə bütün infrastrukturun dağılmasına səbəb olmuşdur. Bu müharibənin davam etdiyi illər ərzində Xocalıda, Meşəlidə, Malıbəylidə, Quşçularda, Ağdabanda, Qaradağlıda, Kərkidə törədilmiş faciələr azərbaycanlılara qarşı erməni soyqırımı siyasətinin nümunəsidir. Atəşkəs rejiminin qüvvədə olmasına baxmayaraq, qoşunların təmas xətti boyunca azərbaycanlıların qətlə yetirilməsi bu gün də davam etməkdədir.
Azərbaycanlılara qarşı erməni soyqırımına dair tarixi faktlar müvafiq arxiv sənədlərində öz əksini tapmışdır. “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Prezidentinin 26 mart 1998-ci il tarixli Fərmanı bu tarixi gerçəkliyə hüquqi qiymət verməklə 31 martı Azərbaycanlıların soyqırımı günü kimi rəsmiləşdirmişdir.
“Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığını, ATƏT üzvü olan ölkələrin rəhbərlərini, Avropa Şurasını, Beynəlxalq və Avropa ombudsmanlar institutlarını, Asiya Ombudsmanlar Assosiasiyasını, Beynəlxalq Sülh Bürosunu, Universal Sülh Federasiyasını azərbaycanlılara qarşı erməni soyqırımı faktını tanımaq sahəsində əməli iş görməyə çağırır.