“Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi “Caspian Plaza” Biznes Mərkəzində “Şuşa-qədim Azərbaycan diyarı” mövzusunda “dəyirmi masa” keçirmişdir.
Respublikanın tanınmış ziyalılarının, o cümlədən tarixçi alimlərin, qeyri-hökumət təşkilatları və Şuşa ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbirdə birliyin sədri, professor Nadir Abdullayev hər bir azərbaycanlı üçün əziz olan bu şəhərin tarixinin öyrənilməsi istiqamətində görülmüş işlərdən danışmışdır. Məlumat vermişdir ki, qurumun icraçı direktoru Dəyanət Musayevin layihəsinə əsasən, “Şuşa-qədim Azərbaycan diyarı” adlı kitab hazırlanmışdır.
Tarix elmləri doktoru Camal Mustafayev “Qədim Şuşa şəhərinin əhalisi” mövzusunda məruzə etmişdir.
Azərbaycan, rus və ingilis dillərində çap olunmuş “Şuşa – qədim Azərbaycan diyarı” kitabı təqdim edilmişdir.
Dəyanət Musayev kitab üzərində iş barədə söz açmış, nəşrin araya-ərsəyə gəlməsinə yardım göstərmiş Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasına, Azərbaycan Respublikası Qəsəbə Bələdiyyələri Assosiasiyasına minnətdarlığını bildirmişdir.
Şuşa rayon icra hakimiyyətinin şöbə müdiri Bəxtiyar Əliyev, rayon mədəniyyət və turizm şöbəsinin müdiri Zahid Abbasov, Ombudsman aparatı mətbuat xidmətinin rəhbəri Zemfira Məhərrəmli, şuşalı ağsaqqal Teymur Alban və başqaları təkliflərini söyləmiş, nəcib işinə görə birliyə təşəkkür etmişlər.
Fotoşəkillərlə zəngin kitabda şəhərin əhalisi, onun milli tərkibi, diyarın Azərbaycan mədəniyyətinin inkişafındakı rolu, burada musiqi sənətinin inkişaf tarixi, dağlar şəhərində doğulub boya-başa çatmış görkəmli şəxsiyyətlər haqqında söz açılır, tarixi və memarlıq abidələrinin, məhəllələrin siyahısı verilir. “Şuşa Azərbaycanın istirahət və turizm mərkəzi olmuşdur”, “Şuşanın ermənilər tərəfindən işğalı”, “Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və onun nəticələri” materialları da oxucuların marağına səbəb olacaqdır.
Nəşrin hazırlanmasında Heydər Əliyev Fondunun, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının, “Dəyərlər” AİN-in materiallarından istifadə olunmuşdur.
Kitab respublikanın kitabxanalarına və təhsil ocaqlarına paylanacaq, internetdə yerləşdiriləcəkdir.