İyunun 18-də M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Dünya Qaçqınlar günü qeyd edilmişdir.
Milli Məclisin deputatlarının, nazirlik, dövlət komitəsi və agentliklərinin, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq və yerli humanitar təşkilatların, diplomatik korpus nümayəndələrinin iştirak etdiyi tədbirin iştirakçıları foyedə qaçqınların və məcburi köçkünlərin əl işlərindən ibarət sərgiyə baxmışlar.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin və Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov məlumat vermişdir ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində ölkəmizdə 1 milyona yaxın qaçqınlar və məcburi köçkünlər ordusu yaranmışdır: “Bundan əlavə, Azərbaycanda 3-cü ölkələrdən gələn qaçqınlar və “qaçqın” statusu almaq niyyətində olan (sığınacaq axtaran) şəxslər vardır. Azərbaycanda BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının 1951-ci il Konvensiyasına və 1967-ci il Protokoluna uyğun olaraq məcburi köçkünlərin hüquqlarını və sosial müdafiəsini tənzimləyən mükəmməl hüquqi baza yaradılmış və bütün bunlar beynəlxalq standartlara uyğunlaşdırılmışdır”.
Baş nazirin müavini son illər Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərin çoxsaylı problemlərinin həlli istiqamətində həyata keçirdiyi tədbirlərdən, qarşıya çıxan problemlərin aradan qaldırılması yollarından, doğma yurd-yuvasından didərgin düşmüş insanların statusunun müəyyənləşdirilməsi və hüquqlarının tənzimlənməsi istiqamətində görülən işlərdən ətraflı söhbət açmışdır.
Qeyd etmişdir ki, xüsusilə neftdən gələn gəlirlərdən bu istiqamətdə səmərəli istifadə etmək məqsədilə yaradılmış Dövlət Neft Fondunun vəsaiti hesabına məcburi köçkünlər üçün son illər bütün sosial-texniki infrastrukturu ilə birlikdə salınmış yeni qəsəbələr və həyata keçirilən digər tədbirlər bu kateqoriyadan olan insanların istər həyat şəraitinin yaxşılaşdırılmasında, istərsə də onların gələcəkdə doğma ocaqlarına qaytarılması istiqamətində həyata keçirilən tədbirlərin əsas qayəsini təşkil edir.
Komitə sədri müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin “…işğal olunmuş bütün rayonlardan didərgin düşmüş, indi qaçqın vəziyyətində, köçkün vəziyyətində yaşayan vətəndaşların problemləri bizim üçün və şəxsən mənim üçün bir nömrəli problemdir” sözlərini xatırlatmış, Prezident İlham Əliyevin doğma yurd-yuvalarından didərgin düşmüş soydaşlarımızın mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədi ilə gördüyü işləri minnətdarlıq hissi ilə yada salmışdır. Natiq dövlətimizin başçısının doğma torpaqlarından didərgin düşmüş insanların problemlərinə həmişə həssaslıqla yanaşdığını vurğulamış, bu istiqamətdə görülmüş ardıcıl tədbirləri sadalamışdır.
Komitə sədri məlumat vermişdir ki, son 15 ildə beynəlxalq humanitar təşkilatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində zərər çəkmiş qaçqınlara və məcburi köçkünlərə humanitar yardım göstərilməsi sahəsində ölkəmizdə böyük iş görmüşlər. Xüsusilə ölkəmizin çətinlik çəkdiyi 1994-1995-ci illərdə BMT qurumlarının, digər beynəlxalq təşkilatların qaçqınlara və məcburi köçkünlərə himayədarlığını minnətdarlıqla xatırladan Ə.Həsənov vurğulamışdır ki, bu yardım olmasaydı, o zaman Azərbaycanda humanitar böhran baş verərdi.
Hazırda ölkədə yüzdən artıq beynəlxalq humanitar və milli qeyri-hökumət təşkilatı qaçqın və məcburi köçkünlərə kömək edir. Bütün beynəlxalq humanitar təşkilatlar tərəfindən 1993-cü ildən bəri 753 milyon ABŞ dolları məbləğində müxtəlif layihələr həyata keçirilmişdir. Bunun 360 milyon dolları ABŞ-ın qeyri-hökumət təşkilatlarının payına düşür. Azərbaycan dövləti isə qaçqınların və məcburi köçkünlərin sosial-məişət qayğılarının yaxşılaşdırılmasına, digər problemlərinin həllinə 2 milyard manat xərcləmişdir.
Əli Həsənov Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq normalara əsasən, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunana, bütün qaçqın və məcburi köçkünlərin doğma yurdlarına qayıdana qədər respublika hökumətinin qarşısında duran prioritet məsələlər barədə məlumat vermişdir. Demişdir ki, bunlar iş yerlərinin yaradılması, mikrokredit və infrastruktur layihələrinin həyata keçirilməsi, təhsil, səhiyyə proqramları, hüquqi yardımlar, vətəndaş cəmiyyətinin inkişafı, reabilitasiya proqramları və sairdir.
Qeyd edilmişdir ki, məcburi köçkünlərin doğma torpaqlarına qayıdacağı zaman lazımi şəraitlə təmin edilməsini nəzərdə tutan “Böyük qayıdış” proqramı tam hazırdır. Torpaqlar işğaldan azad olunan kimi Azərbaycan dövləti həmin ərazilərdə bərpa işlərinə başlayacaqdır.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycanda nümayəndəsi Arun Sala Nqarm dünyada qaçqınlar, məcburi köçkünlər, onların vəziyyəti barədə məlumat vermiş, bu insanlara qayğı və diqqətin vacibliyini vurğulamışdır. Qeyd etmişdir ki, beynəlxalq aləmdə “qaçqın” və “məcburi köçkün” arasında fərq qoyulur. Həmin adamlar üçün bu, absurddur. Çünki sərhədi keçib-keçməməsindən asılı olmayaraq, onların qayğıya ehtiyacı vardır.
Natiq qaçqınların və məcburi köçkünlərin statusunun müəyyənləşdirilməsində, problemlərinin həllində Azərbaycanın səylərini, Azərbaycan hökumətinin nümayəndəliyə dəstəyini yüksək qiymətləndirərək demişdir: “Məhz bu dəstəyin sayəsində biz mandatımızı yerinə yetiririk”.
Tədbir Məhsəti türklərinin, İraq, Pakistan, Əfqan, İran, çeçen icmalarının, Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən məcburi köçkün uşaqların ifasında maraqlı konsert proqramı ilə başa çatmışdır. Dünya Qaçqınlar günü “Real insanlar, real ehtiyaclar” devizi altında qeyd olunmuşdur.
AzərTAc, 18.06.2009.