Miqrantlar üçün adaptasiya mərkəzi yaradılması məsələsi Murmansk Vilayət İctimai Palatasının millətlərarası münasibətlər, vicdan azadlığı, mədəni və mənəvi …
Miqrantlar üçün adaptasiya mərkəzi yaradılması məsələsi Murmansk Vilayət İctimai Palatasının millətlərarası münasibətlər, vicdan azadlığı, mədəni və mənəvi irsin qorunub saxlanması, yerli şimal xalqlarının hüquqlarının müdafiəsi üzrə komissiyasının və Federal Miqrasiya Xidmətinin Regional İdarəsi (FMXRİ) yanında İctimai Məşvərət Şurasının birgə iclasında dəfələrlə qaldırılmışdır. Agentliyimizə bu məlumatı azərbaycanlı jurnalist Əlihüseyn Şükürov vermişdir.
FMXRİ-nin informasiya-analitik təchizat şöbəsinin rəisi Roman Maksema demişdir: Murmansk vilayətinə miqrantlar gələn regionlar, əvvəlki kimi bu gün də əsasən MDB ölkələri – Ukrayna, Belarus, Azərbaycan və Özbəkistandır. Son vaxtlarda işəgötürənlər Türkiyə və Çin kimi uzaq xarici ölkələrdən işçi qüvvəsi cəlb edilməsi sahəsində fəallaşmışlar. Əcnəbi işçilər, ilk növbədə MDB ölkələrinin vətəndaşları əməkçilərin ən zəif müdafiə olunan hissəsidir. Bu insanların üzləşdiyi məişət və sosial qayğılar çox vaxt onların Rusiya qanunvericiliyini pozmasına gətirib çıxarır. Bununla belə, onların törətdiyi cinayətlərin sayı vilayətdə qeydə alınmış cinayət əməllərinin bir faizindən çox olmur və regionda kriminal vəziyyətə ciddi təsir göstərmir.
Miqrasiya idarəsinin nümayəndələri bildirmişlər ki, regionda qeyri-leqal əməkçi miqrantların sayı tədricən azalmaqdadır. Bu, Federal Miqrasiya Xidmətinin Regional İdarəsinin, işəgötürənlərin və milli mənsubiyyət əlaməti üzrə yaradılmış ictimai təşkilatların qarşılıqlı fəaliyyətinin nəticəsidir.
Əcnəbilərin çoxu əvvəlki kimi yenə də tikinti, topdansatış və pərakəndə ticarət sahələrində çalışır. Lakin yeni meyil də müşahidə olunur: əməkçi miqrantlar arasında Özbəkistan vətəndaşlarının sayı artmaqdadır və bu gün onlar müvafiq bazarda çoxluq təşkil edir. Say göstəricisinə görə, hazırda ikinci yeri Azərbaycandan, üçüncü yeri isə Ukraynadan olan əməkçi miqrantlar tutur.
Nə qədər istəsək də, miqrasiya sahəsində problemlərdən yaxa qurtarmaq mümkün deyil. Ona görə də Vilayət İctimai Palatasının yuxarıda adıçəkilən komissiyasının və FMX-nin Regional İdarəsi yanında İctimai-Məşvərət Şurasının üzvləri mühüm məsələləri Palatanın iclasında müzakirə etməyi qərara almışlar.
AzərTAc