Azərbaycanın Polşadakı səfirliyi “Regnum.ru” internet portalında çıxan “Polşa tələbələri Qarabağ şəhəri Şuşa haqqında film hazırlayırlar” başlıqlı məqaləsi ilə əlaqədar Lodz Kinematoqrafiya, Televiziya və Teatr Ali Məktəbinin tələbələri Pavel Zelmitski və Mateuş Vaydanın Şuşa şəhərinə planlaşdırdıqları səfər ilə əlaqədar birbaşa Mateuş Vayda ilə görüş keçiriblər. Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qarşı tərəfə onların atdıqları addımların beynəlxalq hüquq normalarına, Polşa-Azərbaycan strateji tərəfdaşlığına, Azərbaycanın ərazi bütövlüyünə qarşı yönəlmiş akt kimi qəbul olunacağı çatdırılıb. Tələbələrə Dağlıq Qarabağ münaqişəsinin tarixi, danışıqlar prosesi, 1 milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün doğma yurd-yuvalarından qovulması, Ermənistanın Azərbaycanın tarixi torpaqlarının təxminən 20 faizini işğal altında saxlaması faktları barədə ətraflı məlumat verilib. Məsələyə aydınlıq gətirildiyi üçün Mateuş Vayda öz minnətdarlığını bildirib və o, Pavel Zelmitski ilə Şuşaya planlaşdırılan səfərdən imtina etdiyini söyləyib. Məsələ ilə əlaqədar səfirlik həmçinin Lodz Kinematoqrafiya, Televiziya və Teatr Ali Məktəbinin rektoru Robert Qlinskiyə müvafiq məktub ünvanlayıb.