Azərbaycan Parlamentinin deputatının fikrincə, 1948 və 1953-cü illərdə Ermənistandan azərbaycanlıların deportasiya olunmasına hüquqi-siyasi qiymət verilməlidir.
“Ermənistandan deportasiya olunan soydaşlarımızın hüquqlarının qorunması ilə bağlı Azərbaycanda bir çox işlər görülsə də bunlar kifayət qədər deyil”, – Trend -un məlumatına görə, çərşənbə axşamı Milli Məclisin Sosial Siyasət komitəsinin sədr müavini Musa Quliyev bildirib.
Trend -un arayışı: XX əsrdə Ermənistan ərazisindən azərbaycanlıların kütləvi deportasiya əməliyyatı – 1948-1956, 1987-1988-ci illər adlı – dörd mərhələyə bölünür. Statistik və arxiv sənədlərində təsdiq olunduğuna görə, bu əməliyyatlar nəticəsində indiki Ermənistan ərazisində yaşayan bir milyon beş yüz mindən çox azərbaycanlı tarixi torpaqlarından qovulub. Ermənistan Sovet Respublikası qurulduqdan sonra burada azərbaycanlılar yaşayan 940 yaşayış məntəqəsindən 698-nin adı Ermənistan Ali Sovetinin qərarı ilə dəyişdirilərək erməni adları ilə əvəz olunub. Ancaq ermənilər bununla da kifayətlənməyib. Addəyişmə əməliyyatı azərbaycanlılar bu respublikanın ərazisindən tam deportasiya edildikdən sonra da davam etdirilib. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1991-ci il 9 aprel tarixli fərmanı ilə son 91 azərbaycanlı yaşayış məntəqəsinin adı dəyişdirilərək erməni adları ilə əvəz edilib.
Quliyevin sözlərinə görə, 1948 və 1953-cü illərdə doğma yurd-yuvalarından qovulan soydaşlarımıza repressiya qurbanları statusu verilməlidir. “Bundan əlavə, deportasiya olunan azərbaycanlılara Ermənistan dövlətinin təzminat verməsi məsələsi qaldırılmalıdır”, – millət vəkili əlavə edib.