Azərbaycan ərazilərinin minalardan təmizlənməsi üçün, təxminən, bir milyard dollar tələb olunur və bunun üçün 8-12 il lazımdır. Bunu Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) rəhbəri Nazim İsmayılov cümə günü jurnalistlərə deyib.
Onun sözlərinə görə, bu işlər Dünya Bankının və Azərbaycan hökumətinin “Böyük qayıdış” layihəsi çərçivəsində həyata keçiriləcək.
“Son 10 il ərzində Azərbaycanın 126 milyon kvadratmetr ərazisi minalardan təmizlənib və sovet dövründən qalmış, təxminən, 600 min mina və partlamamış döyüş sursatı aşkarlanıb”, – İsmayılov bu sahədə görülmüş işlərin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.
“Hazırda minalardantəmizləmə üzrə işlər ölkənin 10 rayonunda aparılır və bu işlərin 2013-cü ildə yekunlaşdırılmsı planlaşdırılır. ANAMA-nın qarşısında duran əsas məsələ işğal olunmuş ərazilərin azad edilməsindən sonra, həmin ərazilərin dərhal minalardan təmizlənməsi üçün bu sahədə milli potensial kadrların hazırlanmasından ibarətdir”, – İsmayılov vurğulayıb.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.