Əfqanıstandan narkotikin Azərbaycana üç marşrut üzrə daxil olduğunu qeyd edən Ə. Həsənovun sözlərinə görə, bunlardan birincisi Əfqanıstan-İran-Azərbaycan, ikincisi Əfqanıstan-Pakistan-İran-Azərbaycan, üçüncüsü isə Əfqanıstan- Orta Asiya-Türkmənistan-Azərbaycan marşrutudur.
«BMT-nin rəsmi sənədlərinə düşməmiş dördüncü marşrut isə Əfqanıstan-İran-Dağlıq Qarabağ xəttidir və biz çalışırıq ki, bu marşrut BMT-nin rəsmi sənədlərinə düşsün. Bu marşrut BMT-nin hesablamalarından kənarda qalır. Həmin narkotik maddələr oradan həm Avropa, həm də MDB ölkələrinə daşınır», – deyə Ə. Həsənov bəyan edib.
Baş nazirin müavinin sözlərinə görə, ermənilərin nəzarəti altında olan Dağlıq Qarabağda həm narkotiklərin becərilməsi və tranziti üçün istifadə olunur, həm də terrorçu təşkilatlar hazırlanır: «Azərbaycan tərəfi bu məsələni dəfələrlə qaldırıb. Təəssüflər olsun ki, beynəlxalq qurumlar bu məsələnin həllində aciz qalıb. Çox güclünc vəziyyət yaranıb ki, ermənilər Qarabağda monitorinq aparma mandatı olan beynəlxalq qurumları həmin ərazilərə buraxmırlar».
Ə. Həsənov qeyd edib ki, Azərbaycanda narkotik problemi digər ölkələrlə müqayisədə faciəvi həddə deyil. Buna baxmayaraq, arxayınlaşmaq olmaz.