H. Orucov xatırladıb ki, ermənilər təkcə Dağlıq Qarabağ ərazisində deyil, işğal etdikləri bütün 20 faiz torpaqlarda milli, dini abidələrin hamısını məhv edib, qədim alban abidələrini isə qriqoryanlaşdırıblar: “Bu gün Ermənistan adlandırılan qədim Azərbaycan torpaqlarında məzarlıqlardan tutmuş məscidlərə, türbələrə, ziyarətgahlara qədər bütün milli və dini abidələrin hamısı məhv edilib. Şübhəsiz ki, Şuşa məscidinin bərpası ideyasının ermənilər tərəfindən gerçəkləşməsinə sadəcə görüntü kimi baxıla bilər. Çünki ölkə prezidenti bu barədə hər yerdə açıq danışır. Azərbaycan abidələrinə qarşı ermənilər tərəfindən soyqırımı və vandalizm törədildiyi beynəlxalq təşkilatlar tərəfindən artıq qəbul olunub. Bəlkə buna görə onlar sadəcə görüntü yaratmaq istəyirlər”.
Komitə sədrinin sözlərinə görə, ermənilərin törətdiyi bütün vandallıqların müqabilində Bakıda, şəhərində mərkəzində erməni kilsəsi fəaliyyət göstərir: “Mən bu barədə II Qareginin özünə də dedim. Azərbaycan xalqı bu kilsəni hətta ən ağır günlərdə də qoruyub saxlayıb. Orada şəhərin böyük kitabxanalarından birinin kitab fondu yerləşir. Amma burada hər şey yüksək səviyyədə, səliqə-sahmanlıdır, yəni kilsədə ibadət də etmək olar. Qaragin mənə dedi ki, İrəvanda məscid bərpa olunub, lakin bu məscid İrandan müvəqqəti işləməyə gələnlər üçündür. Qaregin Bakıdakı həmin kilsədə keşiş kimi xidmət edib. O mənə Bakının tanınmaz olduğunu dedi və çox dərin fikrə getdi. Bu yəqin ki, yeni Bakının, Azərbaycanın inkişafının təsiri idi”.