Azərbaycanlı politoloqlar Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Türkiyə – Rusiya yaxınlaşmasının müsbət təsirinin mümkünlüyü ilə bağlı fikir ayrılıqlarına malikdirlər.
Türkiyə – Rusiya yaxınlaşması, ölkə prezidentlərinin qarşılıqlı səfərləri, xüsusən də viza rejiminin ləğvi Dağlıq Qarabağ məsələsinin həllinə və Azərbaycanın mövqelərinin möhkəmlənməsinə müsbət təsir göstərəcək. Bu barədə politoloq Fikrərt Sadıqov cümə axşamı Trend-ə bildirib.
Onun sözlərinə görə, Rusiya – Türkiyə qarşıdurması məsələsindəki narahatlığa görə Rusiya həmişə Yerevana sponsorluq edib, Moskva ona Ankaranın təsirinə qarşı dura biləcəyi əməliyyat meydanı, hərbi-siyasi bazası kimi arxa durub.
“İndi Türkiyə ilə Rusiya arasında münasibətlərin möhkəmlənməsi fonunda Rusiya – Ermənistan alyansı faktik olaraq öz möhkəmliyini itirir”, – politoloq hesab edir. Onun fikrincə, Türkiyə və Rusiya prezidentlərinin son görüşü, onların viza rejiminin ləğvi barədə razılığa gəlmələri Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə sülh danışıqları prosesinə müsbət dinamika verə bilər.
Sadıqov Türkiyə tərəfinin bu məsələdə vasitəçilik səyləri göstərməyə hazır olması barədə bəyanatını və Prezident İlham Əliyevin Moskvada Qələbə Günü təntənələrində iştirakından sonra, Rusiya müdafiə nazirinin Bakıya səfəri zamanı verdiyi bəyanat arasındakı oxşarlığı göstərərək, bu proseslərin Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirəcəyinə ümidini ifadə edib.
“Hazırda Ermənistan küncə sıxışdırılıb və yenilənmiş Madrid prinsiplərinə dəqiq cavab verməlidir. O anlayır ki, istənilən variantda bu sənəd Azərbaycan topraqlarının işğaldan azad olunmasının başlanmasına gətirib çıxaracaq”, – o deyib.
Digər azərbaycanlı politoloq, Siyasi Texnologiyalar və İnnovasiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu Türkiyə və Rusiya prezidentlərinin Dağlıq Qarabağ probleminin müzakirəsinə şübhə ilə yanaşır.
“Düşünmürəm ki, Rusiya Türkiyə ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə etsin. Rusiya könüllü və ya məcburi qaydada ATƏT-in MQ həmsədrlərini oyundan çıxarır və öz maraqlarının xeyrinə onlara təsir edir”, – Əhmədoğlu hesab edir.
Onun sözlərinə görə, Rusiya bu prosesdə regiondakı digər ölkələrin, o cümlədən, Türkiyə ilə İranın birləşməsinə yol verməmək üçün əlindən gələn hər şeyi edir.
“Medvedevin Ankaradakı bəyanatı Türkiyəyə hörməti lazımi dərəcədə qiymətləndirməkdən irəli gəlir. Türkiyə tərəfinin dedikləri isə səmimidir, onlar Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə proseslərin fəallaşmasını istəyirlər”, – deyə mərkəzin direktoru qeyd edib.