Azərbaycan Müdafiə Nazirliyi bəyan edib ki, ikinci Qarabağ savaşı olacaqsa, Ermənistanın məğlubiyyəti ilə nəticələnəcək.
“İkinci Qarabağ savaşı olacaqsa, Ermənistanın – düşmənin məğlubiyyəti ilə nəticələnəcək və bunu ordumuzun silah-sursat, əsgərlərimizin hazırlığına əmin olub deyirik. Nə qədər ki torpağımız işğal altındadır, Azərbaycan öz ordusunun silahlandırılmasını davam edəcək. Ermənistan ordusunda vəziyyət olduqca ağırdır və bunu Ermənistan dövlət qurumlarının rəhbərləri bildirir. İqtisadiyyatı ağır olan Ermənistanın hərbi bazası da dağılmaqdadır”, – Trend-in məlumatına görə, bunu cümə günü Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik-leytenant Eldar Sabiroğlu Tərtər istiqamətində Ermənistanla təmas xəttində keçirdiyi mətbuat konfransında bildirib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.
Sabiroğlu deyib ki, Azərbaycan ordusu son döyüşə hazırdır.
“Ordumuz dünya standarlarına uyğun olan radiolokasiya stansiyaları ilə təhciz olunub ve ermənilərin istənilən məntəqəsini nəzarət altında saxlayır”, – mətbuat xidmətinin rəhbəri əlavə edib.
Onun sözlərinə görə, yanvar ayından indiyədək 280 dəfə atəşkəs pozulub və təbii ki, itkilər və yaralananlar olub.
“Hər itkimizin cavabı iki dəfədən də artıq verilib, lakin ermənilər itkiləri gizlədir. Azərbaycan ordusu hər cür müharibə vəziyyətinə hazırdır, istənilən ekstremal şəraitdə ordumuz qarşıya qoyulan vəzifəni yerinə yetirə bilər”, – Sabiroğlu deyib.
Birinci dəfədir ki, Müdafiə Nazirliyi cəbhə xəttində KİV və QHT rəhbərlərinin iştirakı ilə mətbuat konfransı keçirir.
Trend