Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa prezidentləri Kanadada keçirilən “Böyük səkkizlik”in zirvə görüşündə Dağlıq Qarabağ münaqişəsi barədə birgə bəyanatla çıxış edərək, Azərbaycan və Ermənistan rəhbərlərini sülh müqaviləsinin hazırlanmasına başlamaq üçün münaqişənin həll olunmasının əsas prinsipləri üzərində işi sürətləndirməyə çağırıblar. Bu barədə məlumatı RİA-Novosti yayıb.
“Hazırda Azərbaycan və Ermənistan prezidentləri daha bir addım ataraq, sülh müqaviləsi üzərində işləməyə başlamaq məqsədilə, münaqişənin həll olunmasının əsas prinsipləri üzərində işi yekunlaşdırmalıdırlar”, – ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin başçıları olan Dmitri Medvedev, Barak Obama və Nikolya Sarkozinin bəyanatında bildirilir.
Prezidentlər nazirlər və vasitəçilərə “Ermənistan və Azərbaycana Almatıda ATƏT-in qeyri-rəsmi nazirlər forumu zamanı keçiriləcək birgə görüşə hazırlıq görərkən, mövcud olan fərqlərı aradan qaldırmaq üçün fəal kömək göstərməyi” tapşırıblar.
Rusiya, ABŞ və Fransa rəhbərləri münaqişənin həll olunmasının əsas prinsipləri üzrə razılıq əldə etməyi tamamlamaqda Azərbaycan və Ermənistan rəhbərlərinə yardım üçün öz öhdəliklərini təsdiq ediblər.
Bəyanatda bildirilir ki, prezidentlər hər iki tərəfin münaqişənin bir sıra prinsiplərə, o cümlədən, Dağlıq Qarabağ ətrafındakı torpaqların Azərbaycana qaytarılması, DQ-nin təhlükəsizliyi və özünüidarəsi üçün təminat verən keçid statusu və DQ-ni Ermənistanla birləşdirəcək dəhliz kimi prinsiplərə əsaslanması zərurətini anlaması faktını irəliyə doğru mühüm addım sayırlar.
Bu prinsiplər sırasında Dağlıq Qarabağın, onun bütün əhalisinin iradəsini bildirməsi nəticəsində, gələcək hüquqi statusunun təyin olunması, bütün qaçqın və məcburi köçkünlərin öz əvvəlki evlərinə qayıtmaları, beynəlxalq təhlükəsizlik zəmanətləri, o cümlədən, sülhməramlı əməliyyatlar da göstərilib.
İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.
BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağın və işğal olunmuş ərazilərin azad edilməsinə dair qəbul etdiyi dörd qətnamə Ermənistan tərəfindən bu günə qədər yerinə yetirilməyib.
az.trend.az