Azərbaycanın Parisdəki səfirliyi Fransanın xarici işlər naziri Alen Jüppenin martın 9-da Fransa Milli Assambleyasında hökumətin parlament qarşısındakı növbəti hesabatı çərçivəsində deputatların suallarını cavablandırarkən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dediklərini araşdırır.
Bu barədə APA-ya Azərbaycanın Fransadakı səfirliyindən bildirilib. Səfirlikdən deyiblər ki, A. Jüpenin dedikləri dəqiqləşdirildikdən sonra müvafiq addımlar atılacaq…Azərbaycanın Parisdəki səfirliyi Fransanın xarici işlər naziri Alen Jüppenin martın 9-da Fransa Milli Assambleyasında hökumətin parlament qarşısındakı növbəti hesabatı çərçivəsində deputatların suallarını cavablandırarkən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dediklərini araşdırır.
Bu barədə APA-ya Azərbaycanın Fransadakı səfirliyindən bildirilib. Səfirlikdən deyiblər ki, A. Jüpenin dedikləri dəqiqləşdirildikdən sonra müvafiq addımlar atılacaq.
Qeyd edək ki, Fransa parlamentinin Fransa-Ermənistan dostluq qrupunun, eyni zamanda Fransanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin üzvü, ermənipərəst Fransua Roşebluan Fransa xarici işlər nazirinə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sual ünvanlayıb. F. Roşebluanın sualı bundan ibarət olub: “Doxsan ildir, Dağlıq Qarabağ tarixə və əhalinin istəyinə zidd olaraq, SSRİ kommunist partiyasının qərarı ilə sovet Azərbaycanına birləşdirilib. İndiki Azərbaycan respublikası isə bu qərardan qanunsuz olaraq yararlanmaqdadır. Sovet hökuməti süquta uğradıqdan sonra DQ-ın əhalisi çox əziyyətlər bahasına özünün azadlığını əldə etdi. Amma elə o vaxtdan etibarən, stabil həll yolunun şərtlərini müəyyən edən Fransa, ABŞ və Rusiyanın həmsədrliyi ilə ATƏT-in Minsk qrupunun səyləri böyük güclərin maraqlarının toqquşması ilə üz-üzə gəlir, DQ hökumətinə bu danışıqlarda iştirak etmək hüququ verilmir. Dağlıq Qarabağ Respublikasının prezidenti Bako Saakyan martın 8-də Milli Assambleyada oldu və bu zaldan münaqişənin sülh yolu ilə həlli istiqamətində bizim ölkəyə nə qədər böyük ümüdlər bəslədiyini demişdi. Cənab nazir, bildiyiniz kimi bölgədə atəşkəs tez-tez pozulur və müharibəyə çağırış hədələri də realdır. Qarabağ üçün sülh petisiyasını imzalamış 145 millət vəkilləri adından sizdən soruşuram: Bu məsələ ilə bağlı Fransa hansı təşəbbüsləri irəli sürmək fikrindədir? DQ-ın xalqların öz müqəddəratını təyin etmə hüququ üzərində qurulması statusunun müəyyən edilməsini necə asanlaşdırmaq olar? Bir də necə etmək olar ki, bu statusun tərtib edilməsində DQ əhalisinin legitim nümayəndələrinin iştirakı təmin oluna bilsin?”
A. Jüppe isə bu sualı belə cavablandırıb: “”Fransa atəşkəsin əldə olunmasından 15 il sonra hələ də həllini tapmamış DQ münaqişəsinin danışıqlar və sülh yolu ilə həll edilməsi istiqamətində səylərini əsirgəmir. 1997-ci ildən bəri Fransa ABŞ və Rusiya ilə birgə ATƏT-in Minsk qrupuna həmsədrlik edir və münaqişə tərəflərinə sülh danışıqlarının aparılmasında yardım göstərir. Zamanla bu danışıqların formatı getdikcə inkişaf etdirildi. Nəzərinizə çatdırım kı, DQ-nin faktiki hökumətinin bu danışıqlarda iştirak etməməsi haqda qərar məhz Ermənistan tərəfinin razılığı ilə əldə olunub. Çünki dünyanın heç bir ölkəsi bu regionun müstəqilliyini tanımayıb. Fransa prezidenti və onun Rusiya və amerikalı həmkarları Muskoka və Akvildə keçirilən G8 toplantısında münaqişənin həllinin əsasını təşkil edəcək baza prinsiplərini yenidən müzakirə ediblər. Fransa baş nazirinin iştirak etdiyi ATƏT-in Astanada keçirilən son toplantısında və ondan əvvəl də prezidentlərin Həştərxandakı görüşündə Azərbaycan və Ermənistan prezidentləri bu baza prinsiplər üzərində qurulmuş danışıqları davam etdirmək iradələrini aydın şəkildə bildiriblər. Bu ayın 5-də hər iki ölkənin prezidentləri yenidən Soçidə görüşdülər. Ölkə başçıları Minsk qrupu həmsədrləri tərəfindən hazırlanmış sülh həll yolunun baza prinsiplərini qəbul etmək üçün müzakirələrini konstruktiv şəkildə davam etdirirlər. Gördüyünüz kimi, biz işlərimizi də, manevr imkanlarımızı da davam etdiririk. Əlbəttə ki, xalqların öz müqəddəratını təyin etmə hüququ bu münaqişənin hər hansı həlli variantında bizim üçün əsas prinsip təşkil edir”.