Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımlarla bağlı dörd cildlik kitab nəşr olunub. Bu barədə Trend-ə millət vəkili, Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bildirib.
Onun sözlərinə görə, kitablarda Bakı quberniyasında Stepan Şaumyanın başçılıq etdiyi quldur dəstəsinin törətdiyi soyqırımla yanaşı, ermənilərin Azərbaycanın digər ərazilərində də törətdiyi vəhşiliklər öz əksini tapıb.
“Ötən əsrin əvvəllərində Gəncə quberniyasında xalqımıza qarşı soyqırım törədilib. 1918-ci il mayın 28-da Azərbaycan Xalq Cümhuriyyəti yaranandan sonra İrəvan xanlığının ərazisində qurulmuş Ararat Respublikası yarandığı gündən Azərbaycan xalqına qarşı soyqırım siyasətinə başladı “, – Mahmudov qeyd edib.
O, İrəvan quberniyasında törədilən soyqırımla bağrı ayrıca kitabın nəşr olunduğunu bildirib.
Tarix İnstitutunun direktoru soyqırım tarixinin insanların xatirələrində buraxdığı izin də kitablarda öz əksini tapdığını bildirib.
1813-cü və 1828-ci illərdə imzalanan Gülüstan və Türkmənçay müqavilələri Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarımızın bölünməsinin əsasını qoydu. Azərbaycan xalqının bu milli faciəsinin davamı kimi onun torpaqlarının zəbti başlandı. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək, ermənilərin Azərbaycan torpaqlarına kütləvi surətdə köçürülməsi həyata keçirildi… Trend.